Agentlik: "Qan xərçəngindən əziyyət çəkən uşaqlara pulsuz dərmanın verilməsi bərpa olunub"
Milli Hematologiya və Transfuziologiya Mərkəzinə qan xərçəngindən əziyyət çəkən uşaqlar üçün dərman preparatları göndərilib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Qeyd olunub ki, həmin şəxslərin müalicəsində istifadə olunan 20 adda dərman preparatının olduğu nəqliyyat vasitəsi artıq anbardan çıxıb: “Dərman təminatı qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” çərçivəsində həyata keçirilir”.
Xatırladaq ki, sosial şəbəkədə qan xərçəngindən əziyyət çəkən uşaqların valideynləri onlara dərman verilmədiyini bildiriblər. Agentlik müvafiq tenderin keçirildiyini, lakin dərmanların dövlət qeydiyyatı olmadığı üçün idxal prosesində müəyyən gecikmələrin yaşandığını, qeydiyyata razılıq verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət olunduğu açıqlamışdı.
Qeyd edək ki, Səhiyyə Nazirliyi qeydiyyatda olan xəstələrin sayına müvafiq olaraq növbəti il üçün dərman ehtiyacı proqnozunu verir. Buna uyğun olaraq büdcə tərtib edilir. Büdcə təsdiqləndikdən sonra isə dərmanlar tender yolu ilə alınır.