Qənirə Pşayeva şəhid anası ilə görüşüb
MM Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və “Nəfəs” İB-nin sədri F. Balakişiyeva şəhid Şahmar Seyidovun anası Əsməgül Seyidova ilə görüşüblər.
Komitə sədri düşmən üzərində tarixi Zəfərimizlə nəticələnmiş Vətən Müharibəsinin birinci ildönümünü xalqımızın, dünya azərbaycanlılarının, Azərbaycan dostlarının və dünyadakı bütün məlumatlı tərəqqipərvər insanların sevinclə, qürurla qeyd etdiyini deyib, ürək sözlərini bölüşüb: “Bu qürur, fərəh ilk növbədə siz şəhid analarının haqqıdır. Biz sizə çox minnətdarıq. Şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik.
Vətəncanlı oğlunuz ərazi bütövlüyümüzün bərpa edilməsi, torpaqlarımızın yağı düşməndən azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib, şəhadət şərbəti içib.
Şəhidlərimizin qanı yerdə qalmayıb, düşməndən ağır qisas alınıb. Bu gün Suqovuşanda, işğaldan azad olunmuş digər ərazilərimizdə dalağalanan müqəddəs bayrağımız şəhid ruhlarını şad edir!
Əziz şəhid anası, Sizi yeni təqvim ilinin başlaması münasibəti ilə təbrik edir, ən xoş diləklərimi yetirirəm”!
Şəhid anası oğlunun həyat və döyüş yolundan danışıb.
Komitə sədri şəhid anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.
Qeyd edək ki, şəhid Şahmar Fikrət oğlu Seyidov 1997-ci il fevralın 21-də Mingəçevir şəhərində doğulub. 2020-ci ilin iyulunda hərbi xidmətə çağırılan Şahmar Seyidov, Talış-Suqovuşan istiqamətində döyüşüb. Ərazilərimizin azad olunması uğrunda aparılan Vətən Müharibəsinin ən qızğın dövründə - 2020-ci il oktyabrın 11-də şəhidlik zirvəsinə ucalıb.
Şəhid əsgərimiz doğma Mingəçevirdə dəfn olunub.
Azərbaycan Prezidentinin Sərəncamına əsasən Şahmar Fikrət oğlu Seyidov ölümündən sonra
“Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Ruhu şad olsun!