Ekspertlər Sahil Babayevə səsləndilər: "Pensiyaları kəsib sonra araşdırmayın!"
Əmək və Sosial Müdafiə Nazirliyi 210 min əlilin əlillik müavinətini dayandırıb.
Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev nazirliyi tənqid edib: “Sahil müəllim, sizdən əvvəlki rəhbərlik zamanı ola bilər ki korrupsiya yolu ilə kimlərəsə saxta əlillik dərəcəsi verilib. Amma bir iş görəndə qanunu pozmadan bu işi görmək lazımdır. Pensiyanın təyin edilməsi də, kəsilməsi də inzibati aktdır. Bu pensiyaların kəsilməsi də İnzibati icraat haqqında Qanuna (İİQ) görə aparılmalıdır. İnzibati aktların ləğv edilməsinin və ya geri çağrılmasının qanunda göstərilən əsasları olmalıdır. Əminliklə deyirəm ki, Qanunu pozursunuz. Əlverişli və qanunsuz olduğu bilinməyən bir inzibati aktı, siz dayandıra bilməzsiniz. Əvvəlcə hər keyz üzərinə bir araşdırma aparıb, sübut toplayıb qanunsuzluq gördüyünüz halda pensiyanı kəsə bilərsiniz, narazı vətəndaş da məhkəməyə gedər. yəni “əvvəlcə araşdır – sonra kəs” əvəzinə, sizin qurum “əvvəlcə kəs – sonra araşdır” taktikasını tətbiq edir ki, hüquqi dövlətdə belə şey yol verilməzdir. Hər bir iş qanuna uyğun formada aparılmalıdır.
Tövsiyəm: pensiya alanlara məlumat verin ki, yaxın 5-6 ayda filan filan sənədləri gətirsinlər. Sənədləri təqdim edənlərin pensiyalarını davam etdirin, gətirməyənləri isə dayandıra bilərsiniz. İndiki metod isə qanunsuzdur, qeyd etməyə borcluyam”.
İqtisadçı ekspert Natiq Cəfərli isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə istinadən deyir ki, 2018-ci ildə 25 milyon, 2019-cu ildə 133 milyon, 2020-ci ildə 346 milyon manat məbləğində əsassız və saxta pensiya işləri ləğv edilib. 2021-ci ilin ilk 10 ayında isə əsassız pensiyaların ləğvi nəticəsində 500 milyon manat vəsaitə qənaət edilib. N.Cəfərli nazirə suallar ünvanlayıb: "Son 3 il 10 ayda saxta, əsassız təqaüd və müavinatın ləğvi nəticəsində 1 mlrd. manata yaxın qənaət edilib – olsun, yaxşı bəs bu saxta, əsassız təqaüd və müavinatları təyin edənlərlə bağlı hansı hüquqi tədbirlər görülüb?! Əgər son 3 il 10 ayda 1 mlrd. manatlıq dələduzluq olubsa, deməli bu sistemli olub, həcmi və miqyası çox böyük olub, hanı yüzlərlə açılan cinayət işləri?! Axı dələduzluq maddəsi cinayət məcəlləsində var – niyə vətəndaş cəza alır (maddi və mənəvi olaraq), amma məmurlar yox?! Hardadı yüzlərlə həbslər?! Kim bunun məsuliyyətini daşıyır?! İkincisi, təqaüd və müavinatı ləğv edilmiş Azərbaycan vətəndaşlarının hüquqlarının bərpası, apellyasiyası necə təşkil olunub?! Vətəndaş özünü necə müdafiə edir?! Saxta və əsassız təqaüd və müavinatın təyin edilməsini yoxlayan prosedur qaydaları necədir?! Niyə bunlar şəffaf deyil?! Nədən şikayət edənlər, haqlı olanlar aylardır qəbula düşə bilmir, süründürülür?! Yaxşı, kimsə apellyasiya şikayəti verib haqlı çıxsa, aylardır kəsilən müavinatını hansı hüquqi prosedurla kompensasiya ediləcək?!”
Ekspert fikrinə lətifə ilə davam edib: ”Sahil müəllim, məşhur bir lətifə var, yəqin ki, bilirsiniz: Meşədə heyvanlar təşviş içində qaçırlar, tısbağa bunları görür, amma səbəbini anlamır, yanından keçən dovşana deyir ki, niyə qaçırsınız, nə olub?! Dovşan da cavab verir ki, meşəyə insanlar gəlib, kimin 3 qulağı var, birini kəsirlər! Tısbağa təəccüblə soruşur ki, bəs niyə qaçırsan, sənin axı iki qulağın var?! Dovşan da cavab verir ki, çox qəribə adamlardır, əvvəl qulaqları kəsirlər, sonra sayırlar.
İndi Siz və sizin idarəniz özünüzü meşəyə gələn məhz o qəribə adamlar kimi aparırsınız, bu da çoxsaylı narazılıq yaradır. Bir gün anlayacaqsız ki, ölkə meşə deyil, siz də qulaqkəsən – mütləq anlayacaqsınız…”