Azərbaycanda narkotik satan daha 9 nəfər saxlanılıb VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilərək satışının təşkil edilməsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.
Bu barədə AFN-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.
Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qaradağ rayonu ərazisində keçirdikləri tədbir zamanı əvvəlcə paytaxt sakini İsmayıl Qədirov saxlanılıb. Onun üzərinə baxış zamanı 12 qram, idarə etdiyi avtomobildən isə 4 kiloqram heroin aşkar edilib.
Binəqədi rayonunda həyata keçirilən digər bir əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Məzahir Musayev də saxlanılıb. Onun üzərindən 24 qram, idarə etdiyi “Ravon” markalı maşından isə 2 kiloqram 50 qram heroin aşkar edilib.
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan daha 3 nəfər – Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyev saxlanılıblar. Bu şəxslərin üzərində ümumilikdə 27 qram heroin və metamfetamim aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Nicat Quliyevin yaşadığı evdən 19 kiloqram 845 qram heroin və 635 qram metamfetamin aşkar edilərək götürülüb.
Qeyd edilən bu əməliyyatlar zamanı saxlanılan İsmayıl Qədirov, Məzahir Musayev, Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyevin ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, onlar xarici ölkələrdə yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlərlə əlaqələr yaradaraq narkokuryerliyə cəlb ediliblər. Onların əsas məqsədləri müxtəlif vasitələrlə əldə etdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub. Bu şəxslər həmçinin narkotik maddələrin onlayn yolla satışından əldə olunan pul vəsaitlərini nağdlaşdırılmasına da nəzarət ediblər. Bununla saxlanılan İsmayıl Qədirov, Məzahir Musayev, Sənan Tağızadə, Şamxal Abbasov və Nicat Quliyev narkotik vasitələrin satışından əldə edilən çirkli pulların dövriyyəsini həyata keçiriblər. Həmin şəxslərin ətraflarında həyata keçirilən əməliyyat-texniki tədbirlərlə və əldə olunan digər sübutlar vasitəsi ilə onların cinayətləri təkzibedilməz faktlarla sübuta yetirilib.
Baş İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı da narkotik vasitələrin qanunsuz dövriyyəsi və onlayn yolla satışı ilə məşğul olan 4 nəfər saxlanılıb. Əməliyyatlar zamanı Nicat Bağırov, Məzaim Nuriyev, Ağarza Tağıyev, eləcə də Səfail Rzayev paytaxt və Lənkəran şəhəri ərazilərində tutulublar. Nicat Bağırovdan 3 kiloqram yaxın heroin, 341 qram marixuana, 158 qram metamfetamin, 17 qram həşiş, 1 ədəd elektron tərəzi, narkotik vasitələrin satışı zamanı istifadə etdiyi 1 ədəd bank kartı və içərisində narkotiklərin satışı ilə bağlı qeydlər apardığı dəftər aşkar edilib. Məzahim Nuriyevin üzərindən və idarə etdiyi avtomobildən isə 4 kiloqram 143 qram heroin, 367 qram tiryək, 1 kiloqrama yaxın metamfetamin, 300 ədəd psixotrop tərkibli metadon həbi və 1 ədəd elektron tərəzi aşkar olunub. Əməliyyatlar zamanı saxlanılan Ağarza Tağızadə və Səfail Rzayevdən isə ümumilikdə 25 qram heroin və metamfetamin aşkar edilib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sonuncu əməliyyatlar zamanı Baş İdarənin əməkdaşları tərəfindən ümumilikdə 36 kiloqrama yaxın ağır tərkibli narkotik vasitələr və psixotrop maddələr, həmçinin 300 ədə metadon həbi dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər məhkəmələr tərəfindən tutularaq barələrində həbs qətimkan tədbirləri seçilib.
"Bir daha vətəndaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı mübarizədə aktiv olmağa səsləyir və əllərində bu barədə məlumatı olan şəxslərdən Nazirliyin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin sosial şəbəkələrdəki səhifələrinə müraciət etmələrini xahiş edirik", - mətbuat xidmətindən bildirilib.