Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpasına başlanılır
“Yaxın günlərdə Böyük Mərdəkan qəsri və Tuba Şah məscidinin bərpasına başlanılacaq”.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, bərpa işləri Dövlət Xidmətinin nəzarəti altında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən həyata keçiriləcək.
Bir müddət əvvəl Dövlət Xidməti ilə TİKA arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidində bərpa işlərinin aparılması haqqında niyyət məktubu imzalanıb. Ötən müddət ərzində hər iki tarixi abidənin bərpası ilə bağlı layihələndirmə aparmaq üçün TİKA tərəfindən təyin olunmuş podratçı şirkətin mütəxəssisləri qala və məsciddə ölçü, tədqiqat işləri aparılıb, bərpa işləri ilə bağlı layihə, cizgi və planların hazırlanmasına başlanılıb. Daha sonra hazırlanmış layihə yerli mütəxəssislərlə müzakirə olunub.
Böyük Mərdəkan qəsri və Tuba Şah məscidi ərazisində aparılan bərpa işləri ilə bağlı əraziyə iki ədəd məlumatlandırma lövhəsi quraşdırılıb.
Bu, Azərbaycanda tarixi abidələrin TİKA tərəfindən bərpa olunması baxımından ilk layihədir. Gələcəkdə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsində yerləşən eyniadlı qala XII əsrdə - 1187-1188-ci illərdə Şirvanşah I Axsitan tərəfindən tikilib. Axsitanın düşmən üzərindəki parlaq qələbəsi şərəfinə ucaldılmış qaladan müxtəlif vaxtlarda müdafiə məqsədilə, eləcə də müşahidə məntəqəsi, bəzi dövrlərdə isə qəsr kimi istifadə edilib. XV əsrə aid Tuba Şah məscidi isə 1481-1482-ci illərdə inşa edilib.