2 milyon manatdan çox dələduzluqda təqsirləndirilən şirkət rəhbəri bəraət aldı
Azərbaycanda 2 milyon manatdan çox dələduzluqda təqsirləndirilən “AzGold” MMC-nin rəhbəri Müşfiq Muxtarovun məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs Müşfiq Muxtarovun cinayəti sübuta yetirilməyib və onun barəsində bəraət hökmü çıxarılıb.
Qeyd edək ki, M.Muxtarov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 195 (qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrində təqsirli bilinirdi.
İttihama görə, Müşfiq Muxtarov SOCAR-ın birgə müəssisəsi olan “AzGerneft” MMC-nin təchizat şöbəsinin rəisi Loğman Hacıyevdən xaricdən qızıl külçələr gətirib, qazanc əldə etmək adı ilə üç dəfəyə 2 milyon 19 min pul alıb və qaytarmayıb.
Məhkəmədə ifadə verən Müşfiq Muxtarov isə özünü təqsirli bilməyib. O, ifadəsində bildirib ki, iddiaçı Loğman Hacıyev birgə biznes məqsədilə ona cəmi 1 milyon 600 min manat verib. Həmin pulun müqabilində də 200 min manat qazanc götürüb. Daha sonra isə təqsirləndirilən şəxs 1 milyon 600 min manatı geri qaytarıb.
Müşfiq Muxtarov 2020-ci ilin sentyabrında həbs olunub.