“Məhərrəm babamızın adı idi, o da müharibədə 39 yaşında həlak olmuşdu” - şəhid jurnalistin qardaşı
"Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist Məhərrəm İbrahimovun nəşi həmin ərazidən çıxarılıb. Çox güman ki, bu gün gecə və ya sabah tezdən yaşadığı əraziyə çatdırılacaq və dəfn olunacaq”.
Bu barədə M. İbrahimovun qardaşı, jurnalist Əsgər İbrahimov REAL TV-yə bildirib.
O qeyd edib ki, qardaşı Vətən müharibəsinin ilk şəhid jurnalisti kimi tarixə düşüb: "Məhərrəm İkinci Qarabağ savaşında tarixə ilk şəhid jurnalist kimi düşdü. Məhərrəmin adı babamızın adı idi. O da II Dünya müharibəsində, Xarkov şəhərində 39 yaşında həlak olub. Demək ki, bu, alın yazısıdır, qaçmaq olmazmış. Dövlət, millət sağ olsun!
Bütün şəhidlərə Allah rəhmət eləsin! Bu yol bizim üçün ən şərəfli yoldur. Bu yolda nə kədərlənməyə, nə qüssələnməyə heç bir əsas yoxdur. Səbirlə, daha böyük ideyalarla yaşayaraq Azərbaycanın gələcəyini parlaq görək”.
Qeyd edək ki, Məhərrəm İbrahimov 1982-ci il təvəllüdlü olub, yəni babası kimi, 39 yaşında həlak olub.