“Nar” şəbəkəsi Hadrutda və Cəbrayılda!
Bütün ölkə ərazisində şəbəkəsinin əhatə dairəsini daim genişləndirən “Nar” işğaldan azad edilmiş bölgələri də öz şəbəkəsi ilə təmin etməkdədir. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Cəbrayıl rayonunda 2G, 3G və 4G texnologiyalı baza stansiyaları işə salınıb. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərin müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsi istiqamətində “Qarabağ planı” çərçivəsində “Nar” Şuşa şəhərində də baza stansiyalarının quraşdırılması işlərini davam etdirir.
Əhalini keyfiyyətli internetlə təmin etməyi hədəfləyən “Nar” ümumilikdə 2021-ci ilin birinci rübü ərzində 50-dən çox yeni baza stansiyaları quraşdırıb. Bununla da mobil operator 5670-dən artıq baza stansiyası ilə ölkə əhalisini kəsintisiz internetlə təmin edir.
Qeyd edək ki, ötən ilin birinci rübü ilə müqayisədə bu ilin müvafiq dövründə LTE-A texnologiyası ilə ötürülən data trafikinin həcmi 22% artıb. Hazırda şəbəkədəki ümumi internetin təxminən 82%-i LTE-A texnologiyalı baza stansiyaları üzərindən verilir. Qeyd edək ki, “Nar”ın internet şəbəkəsi ölkə ərazisinin 89%-ni, ölkə əhalisinin isə 99,9%-ni əhatə edir.
Xatırladaq ki, Vətən müharibəsi dövründə “Nar” səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edirdi.