İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı "Tərtər işi" ilə bağlı bəyanat yaydı


"Tərtər işi" çərçivəsində ən azı 78 nəfər Azərbaycan vətəndaşı saxlanılıb və dövlətə xəyanət ittihamı ilə 12 ildən 20 ilədək həbs cəzasına məhkum edilib.


AFN xəbər verir ki, bu barədə İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının bəyanatında deyilir. Bəyanatda daha sonra bildirilir: "2017-ci ilin mayında Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti birgə bəyanatda bildiriblər ki, Ermənistan kəşfiyyatına casusluq edən bir qrup hərbçi və mülki şəxs aşkar edilib. Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə dövlətə xəyanət üzrə cinayət işi açılıb və xüsusi istintaq qrupu yaradılıb. Tərtər rayonunda həbslər aparılıb.
İlk iki gün ərzində, mayın 7-8-də kütləvi informasiya vasitələri bir gündə 47 nəfərin həbs olunduğunu bildirib, lakin onların adlarını açıqlamayıb. Mayın 8-dən sonra kütləvi informasiya vasitələrində reportajlar kəsilib, lakin insan hüquqlarının kütləvi şəkildə pozulması ilə bağlı qeyri-rəsmi məlumatlar yayılıb.
Sülh və Demokratiya İnstitutu qeyri-hökumət təşkilatının məlumatına görə, 274-cü maddə ilə həbs olunanların vəkillərə çıxış imkanı olmayıb və məhkəmənin qərarı olmadan həbsxanaya salınıblar. Kütləvi informasiya vasitələri redaktorlarının Baş Prokurorluğa çağırılması, onlara "dövlət sirri"nin yayılmasının yolverilməzliyi barədə xəbərdarlıq edilməsilə bağlı hallar da olub.
Hazırda saxlanılan və 12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum edilən 78 nəfər var. Saxlanılanlar işgəncəyə məruz qalıblar, bu işgəncələrdən 11 təsdiqlənmiş ölüm halı var. Saxlanılanları dövlət sirrilə bağlı ifadə almaq üçün işgəncələrə məruz qoyublar. Həlak olanların ailələri bildirirlər ki, onların meyitləri ailələrə heç də həmişə verilməyib və bu digər səbəblərlə izah olunub".

Təşkilat bu hadisəni pisləməklə yanaşı, aşağıdakıları tələb edib:

• Dərhal işgəncələr və məhbusların ölümü araşdırılsın, günahkarlar məsuliyyətə cəlb edilsin;
• Qurbanlara reabilitasiyanı, yardımı təmin etmək, onlara və ailələrinə dəyən zərəri ödənsin, cəsədlərin əldə edilməsinə imkan yaradılsın;
• Bu iş üzrə həbs edilmiş şəxslərin yerləşdiyi yeri və sayı açıqlansın;
• İşgəncə praktikasına son qoyulsun və onların Azərbaycanda aradan qaldırılması üçün tədbirlər görülsün".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu