Rusiya “İskəndər-M”lə bağlı suala dəqiq cavab verməlidir
Vətən Müharibəsində Şuşa şəhərinə atılmış "İskəndər M" raket kompleksinə məxsus qalıqların tapılması son günlərin ən çox müzakirə edilən mövzularındadır.
Müzakirələrdə daha çox bu raketlərin istehsalçısı olan Rusiya tərəfi tənqid edilir. Hərbi ekspertlər tərəfindən dəfələrlə bildirilir ki, Ermənistanın hərbi arsenalında "İskəndər M" raket kompleksi yoxdur. Məlumdur ki, ANAMA nümayəndəsi Şuşa şəhərində "İskəndər M" raket kompleksinə aid qalıqlar aşkar edib və bu məsələ öz təsdiqini tapıb.
Bir neçə gündür davam edən müzakirələrə isə Rusiya tərəfindən susqunluq nümayiş etdirilir. Yalnız Prezidentin mətbuat katibi Dmitri Peskov məsələyə reaksiya verib. Onun da cavabı Azərbaycan ictimaiyyətini təbii olaraq qane etmir. Peskov jurnalistlərə açıqlamasında qeyd edib ki, Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi zamanı “İskəndər” raket sistemləri istifadə edilməyib və bu, təsdiqlənib.
Azərbaycan ictimaiyyəti isə daha çox Rusiyanın bu məsələyə cavabdeh olan orqanlarından yəni Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Rusiyanın Azərbaycandakı səfirliyindən reaksiya gözləyir. Ancaq bu günə kimi hələ də sözügedən qurumlardan fakta cavab verən yoxdur.
Mövzuyla bağlı "Qafqazinfo"ya danışan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib ki, aşkar olunmuş fakt çox ciddidir: "Böyük dağıdıcı imkanları olan "İskəndər M" raketindən istifadə etmək beynəlxalq səviyyədə hərbi cinayətdir. Bu raketdən Vətən Müharibəsinin ilk günlərində tətbiq edildiyi aşkar edilib. Ancaq müharibənin son günlərində də istifadə edilməsi istisna olunmur. Təsadüfi deyil ki bu fakt beynəlxalq səviyyədə dünyanın ən müxtəlif ölkələrinin kütləvi informasiya vasitələrində müzakirə olunmaqdadır. Təəssüf doğuran odur ki mütəxəssislərin rəyinə görə "İskəndər M" satış üçün qadağan olunub. Rusiya bu raketi Ermənistana sata bilməz. Ancaq mən istisna etmirəm ki, bu raket də pulu ödənilmədən Ermənistana digər silahlar kimi havayı verilib. Əgər belədirsə bu məsələdə həm Rusiya, həm də Ermənistan məsuliyyət daşıyır. Əgər raketlər Ermənistanın təkidiylə Rusiya tərəfindən atılırsa yenə də hər iki tərəf məsuliyyət daşıyır. Rusiyanın rəsmi qurumlarının "İskəndər" raketiylə bağlı ciddi xarakter daşıyan və mahiyyəti üzrə açıqlamaların verilməməsi də suallar doğurur. Ancaq Peskov səviyyəsində verilən cavab heç də qaneedici deyil. Çünki fakt ortadadır. Azərbaycan "İskəndər" in qalıqlarını aşkarlayaraq KİV vasitəsilə dünyaya və Azərbaycan cəmiyyətinə təqdim edib. Rusiya buna görə məsuliyyət daşıyır. Baxmayaraq ki müharibə dövründə Rusiya bildirdi ki o bitərəf qalır. Ancaq biz bilirik ki, Rusiya neytral deyil. Hətta Paşinyan da etiraf etdi ki, müharibə dövründə Rusiya Ermənistana lazım olan köməkliyi göstərib və onu silahlarla təmin edib. İyulda Tovuz istiqamətində gedən döyüşlərdə də bəlli oldu ki, Rusiya müxtəlif marşrutlarla inşaat materialları adı altında Ermənistanı silahlandırıb. Bu faktdır və indi bunun üzərinə "İskəndər M" raketi də gəlirsə, artıq Rusiya yaxa qurtara bilməyəcək. Rusiya buna hökmən cavab verməlidir.
"İskəndər M" -in qalıqlarının tapılması bizə bir çox məsələlərdə üstün mövqe verir. Biz də bundan ciddi şəkildə istifadə edib problemimizin həllində daha sürətlə irəliləyəcəyik. Bu fakt indiki durumda bizim xeyrimizə işləyən çox ciddi bir arqumentdir".