Tərtərdə işğaldan azad edilmiş əraziyə keçməyə cəhd edən şəxs həbs edilib


Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AFN-ə verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonunun işğaldan azad olunmuş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən Tərtər rayon sakini İsmayıl Mahmudov saxlanılıb.

İ.Mahmudov müxtəlif vaxtlarda dəfələrlə işğaldan azad edilmiş ərazilərə keçməyə cəhd göstərmiş, polis əməkdaşları tərəfindən onun bu cəhdlərinin qarşısı alınmışdır.

Qeyd edək ki, İ.Mahmudovun qardaşı Bəxtiyar Mahmudov bir müddət əvvəl Talış kəndində minaya düşərək həlak olub.

Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilmiş, məhkəmənin qərarı ilə 15 sutka inzibati qaydada həbs edilmişdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu