Professor: "Britaniya ştammının Azərbaycana gəlməsi realdır"
Bu fikirləri “Report”a açıqlamasında tanınmış onkoloq-həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
“İkinci dalğada ölkədəki vəziyyətə nəzər salsaq görərik ki, insanlar necə çətinliklərlə üz-üzə qaldı. Xəstəxanalarda yer tapılmadı, dərmanların qiyməti süni şəkildə artırıldı, ajiotaj yarandı, xeyli sayda xəstə dünyasını dəyişdi. Bu taleyi yenidən yaşamamaq üçün tələb olunan qaydalara ciddi əməl etmək lazımdır. Bu qaydalar əsasən qapalı mühitdə, qonaq gedəndə, növbə olan yerlərdə, ictimai iaşə müəssisələrində gözlənilməlidir. Eləcə də ictimai nəqliyyatda qayda-qanun yaradılmalı və onun yükü azaldılmalıdır. Çünki yoluxmanın əsas mənbələrindən biri də məhz ictimai nəqliyyatdır”- deyə mütəxəssis bildirib.
Adil Qeybulla hesab edir ki, yeni ştammın ölkədə olma ehtimalı var:
“Bəzi mənbələr də bunu təsdiq edir. Qloballaşan dünyada yaşadığımızdan yeni ştammın sürətli yayılmasını nəzərə alaraq onun Azərbaycana gəlməsi realdır. Təəssüf ki, ikinci dalğadan sonra insanlarda arxayınçılıq meylləri hiss olunur. Vaksin olunan şəxslər bilməlidir ki, peyvənd vurdurduqdan sonra ən azı ay yarım vaxt keçməlidir ki, bədəndə immunitet yaransın. Vaksin olunmaqla problem həll olunmur və bunu mütləq nəzərə almaq lazımdır”.
Qeyd edək ki, son günlər ölkədə COVID-19-a yoluxma hallarında sürətli artım müşahidə olunur. Ötən gün 840 yoluxma aktı qeydə alınıb. Bu günə qədər virusdan ölüm hallarının sayı 3 307 təşkil edib. Ümumilikdə isə 242 291 nəfər virusa yoluxub.