“Shell” Direktorlar şurasının yeni sədrini təyin edib
“Royal Dutch Shell” “BHP Group”un keçmiş baş direktoru, BP-də 22 il yüksək rəhbər vəzifələrdə çalışmış Endryu Makkenzini direktorlar şurasının növbəti sədri elan edib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, o, İngiltərə-Hollandiya şirkətinə neft və qazdan az karbonlu energetikaya keçiddə kömək etməlidir.
Makkenzi altı ildir direktorlar şurasının sədri vəzifəsini icra edən və mayın 18-də istefa edəcək Çarlz Hollideyi əvəz edəcək.
Makkenzi keçən il “BHP Group” dağ-mədən şirkətinin baş direktoru vəzifəsindən ayrılaraq oktyabrda “Shell”in idarə heyətinə qatılıb. Bundan əvvəl isə o, BP-də 22 illik karyerası ərzində neft və qaz kəşfiyyatı, tədqiqat və hazırlama, eləcə də kimya sənayesində rəhbər vəzifələrdə çalışıb.
Yeni təyinat II Dünya müharibəsindən sonra ilk dəfə dividendlərin 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən azalmasının ardından baş verib.
Xatırladaq ki, fevralda “Royal Dutch Shell” neft hasilatında pik nöqtəyə çatdığını elan etmişdi. 2020-ci ilin dördüncü rübünü “Royal Dutch Shell” 4,01 milyard ABŞ dolları həcmində zərərlə başa vurub. Halbuki ötən ilin analoji dövründə şirkət 965 milyon ABŞ dolları mənfəət əldə etmişdi.