Qarabağda ermənilərin 33 il əvvəl törətdikləri faciələr - VİDEO


Tarix boyu ermənilər azərbaycanlılara qarşı dəfələrlə soyqırım həyata keçirib. Xocalı soyqırımından əvvəl ən dəhşətli faciə Xocavənd rayonu ərazisində olub. Ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan Qaradağlı soyqırımını və Axullu, Tuğ, Salakətin, Edilli kəndlərində dəhşətli cinayətlər törədib. Xocavəndin kəndlərində faciəli günlər 1988-ci ildən Dağlıq Qarabağda erməni separatçılarının baş qaldırdığı ilk günlərdən başlayıb.



Bu günlərdə bir qrup jurnalist Xocavənd rayonu ərazisində baş vermiş faciələrin izi ilə Edilli və Tuğ kəndlərinə səfər edib.

“Report”un əməkdaşı İsmayıl Nəsibli də həmin kəndlərdə olub, dəhşətli faciə yaşayan şahidlərlə söhbət aparıb.

Məlumat üçün bildirək ki, Qaradağlı, Axullu, Tuğ, Salakətin, Edilli kəndləri erməni işğalçılarına qarşı bir neçə il qəhrəmanlıqla mübarizə aparıb. Həmin illər ərzində onlarla kənd sakini erməni silahlı birləşmələrinə qarşı qeyri-bərabər döyüşlərdə canlarını fəda edib, Vətən, doğma torpaq uğrunda şəhid olub.

Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazasında yaradılıb. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, noyabrın 19-da Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da isə Axullu kəndi işğal edilib. 1992-ci il fevralın 17-18-də baş verən Qaradağlı faciəsi Xocalı soyqırımınadək törədilən ən qanlı faciə kimi tarixə yazılıb. Ermənilər rayonun Qaradağlı kəndini işğal edərək 118 nəfəri əsir götürüb, 33 nəfəri güllələyib. Ümumilikdə əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Azad olunanlardan 5 nəfəri qadın olmaqla, 18 nəfər aldıqları sağalmaz yaralardan sonralar vəfat edib.

Axullu kənd sakini Şaiq Aslanov “Report”un əməkdaşına bildirib ki, orta təhsilini Edilli kəndi ərazisindəki beynəmiləl məktəbində bitirib:

“Mən 1988-ci ilin məzunuyam. Ermənilərin ərazi iddiası ilə bağlı başlanan hadisələrə görə 1989-cu ilin sentyabr ayında azərbaycanlı şagirdlər bu məktəbdən zorla qovuldu. Bir günün içərisində müəllim heyəti və uşaqlar buranı tərk etmək məcburiyyətində qaldı. Çünki məktəb ermənilərin yaşayış məntəqələrinə daha yaxın idi. Həmçinin təhsil ocağının rəhbər şəxsləri də ermənilər olduğu üçün buradan zorla qovulduq. Axullu kəndindən olan şagirdlər fərdi evlərdə, yardımçı binalarda təhsillərini davam etdirmək məcburiyyətində qaldılar. Daha sonra Axulluda yeni məktəb inşa edildi. Həmin məktəb də 1992-ci ilin yanvarında - erməni işğalı zamanı talan edilərək yandırıldı, bünövrəsi qazılaraq aparıldı”.

Şaiq Aslanovun sözlərinə görə, Edillidə ermənilərlə azərbaycanlılar arasında münasibətlərin kritik həddi demək olar ki, 1988-ci ilin fevral ayından başlayıb:


“Məktəbin dəhlizi iki hissəyə bölünmüşdü. Belə bir çətin ildə mən şəxsən özüm burada təhsil aldım. Ermənilər bizi nifrət hissi ilə “tork” adlandırırdılar, azərbaycanlı demirdilər. Əvvəl “tork” sözünün nə olduğunu bilmirdik. Sonralar bildik ki, “tork” türk deməkdir. Həmin vaxtlar erməni uşaqları həmişə dava salardılar. Amma döyülən tərəf də onlar olardı. İnsanlarımız bu kənddə ermənilər tərəfindən dəfələrlə təhqir edilib, döyülüb, söyülüblər. Hətta onlar bizimkiləri girov götürmək də istəyiblər. 1989-cu illdən sonra isə Edilliyə gəlmək mümkün olmadı. Xatırlayıram, bu kənddə ermənilər Namiq Hüseynov adlı həmyerlimizi döydülər, başından ağır yaralandı. O, uzun müddət müalicə olundu. Bizim gənclər bura tez çatmasaydı, sonu yaxşı olmayacaqdı. Həmin günün şahidi kimi yaddımdadı, bizimkilər güllə ilə onları qovmağa məcbur etdilər, uşaqları buradan çıxardılar”.

Tuğ kənd sakini Vaqif İbrahimov qeyd edib ki, ermənilərin ilk törətdiyi hadisələrdən biri Dəyirman bəndi deyilən yerdə baş verib. Həmin vaxt onlar azərbaycanlı polis əməkdaşlarını qətlə yetirib:

“Bu hadisədən sonra ermənilər azərbaycanlı sürücünü də xaincəsinə öldürüblər. Həmçinin onlar kəndin bulağına gedən 2 nəfər sakinimizi də qətlə yetirdilər. Bundan sonra ara qarışdı. Ermənilər imkan vermirdilər ki, qətlə yetirdikləri şəxslərin nəşini dəfn edək. Qəbiristanlıqda dəfn zamanı atəş açmağa başladılar”.

Tuğ kəndinin digər sakini Nəcəf Qaraşlı 1982-1988-ci illərdə Hadrut qəsəbəsində xəstəxanada həkim-cərrah kimi işləyib. O, Vətən müharibəsi dövründə də Xocavənd xəstəxanasında çalışıb, yüzlərlə əsgər, zabitlərimizin həyatını xilas edib.

Nəcəf Qaraşlı deyib ki, Hadrutda işlədiyi müddətdə birinci sinfə gedən oğlunu ermənilər itələyərək suya yıxıb:

“1988-ci ilin fevral ayında ermənilər Qarabağda mitinqlərə başlamışdı. Guya Ermənistan erməniləri ilə birləşirdilər. Biz də Bakıya gedib bu barədə Səhiyyə Nazirliyinə müraciət etdik. Bakıda da qeyd etdilər ki, “geri qayıdın, təşviş etməyin”. Hadruta geri qayıtdıq. Xankəndində də vəziyyət çox pis idi. Hadisələr elə həddə gəlib çatdı ki, bir yerdə yaşamaq mümkün olmadı. Tuğ kəndində ilk şəhidimiz məktəbdə oldu. Ermənilər onu təhsil ocağında bıçaqlayıb öldürdülər. Kəndə “saqqalı ermənilər” girmişdi. Sonra çayın yanında onlar daha 2 nəfərimizi qətlə yetirdi. Tuğ kəndindəki məktəb bağlandı, ora rus qoşunları gəlmişdi. Guya ruslar aranı sakitləşdirməyə gəlmişdilər. 1991-ci ilin oktyabr ayında onlar birləşib, bizi kənddən qovdular”.

Qeyd edək ki, Edilli kəndi 2020-ci il oktyabrın 15-i, Axullu kəndi oktyabrın 16-sı və Tuğla Salakətin kəndləri isə noyabrın 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu