Millət vəkili BNA rəhbərindən şikayət etdi: "Onun deputatla belə danışmağa nə ixtiyarı var?"
“Mən neçə ildir ki, deputatam. Ancaq heç vaxt görməmişəm ki, dövlət qurumunun rəhbəri deputatla belə danışsın”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin bu gün keçirilən iclasında deyib.
“Mən avtomobillə yolla gedirdim. Bir də gördüm ki, mənə zəng gəlir. Açdım və telefonda mənə BNA-nın rəhbəri Vüsal Kərimli dedi ki, Rüfət, sənin mənlə problemin var ya mənim qurumumla? Bir dövlət qurumunun rəhbərinin deputatla belə danışmağa nə ixtiyarı var? Mən bu məsələ ilə bağlı hörmətli Sədr (Milli Məclisin Sədri Sahibə Qafarova nəzərdə tutulur - "Report") sizə də müraciət etmişəm. Buna son qoyulmalıdır”, - deputat əlavə edib.