Dəfn mərasimində iştirak edən COVID-19 xəstəsinə cinayət işi başlanılıb
Zərdab Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən amma buna baxmayaraq yaşayış yerini tərk edərək daha bir aktiv koronavirus xəstəsi müəyyən edilib.
Bu barədə AFN-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, rayonun Pərvanlı kəndində yaşayan Əli Hüseynovun virusun daşıyıcısı olduğunu bilə-bilə koronavirus xəstəliyindən dünyasını dəyişən həmkəndlisinin dəfn mərasimində iştirak etdiyi məlum olub.
Araşdırma zamanı məlum olub ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsi ilə ona yaşayış evini tərk etməmək barədə SMS göndərilməsinə baxmayaraq, bu göstərişlərə bilərəkdən əməl etməyib.
Bununla da Ə.Hüseynov virusun daha çox yayılmasına şərait yaradıb. Yaşadığı ünvanı bir neçə dəfə tərk edən bu şəxs Pərvanlı kəndinin inzibati ərazisində yerləşən qəbiristanlıqda polislər tərəfindən saxlanılıb. Polislər tibbi prosedurları gözləməklə Ə.Hüseynovu yaşadığı evə qaytarıblar.
Onun barəsində Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.