BNA rəsmisi bu çıxışına görə profilini bağladı - VİDEO
Bakı Nəqliyyat Agentliyinin (BNA) şöbə müdiri Hikmət Babayev "Facebook" səhifəsini bağlayıb.
AFN modern.az-a istinadən xəbər verir ki, buna səbəb Hikmət Babayevin iki gündür sərt tənqidlərə və etirazlara səbəb olan fikirlərinə sosial şəbəkə istifadəçilərinin reaksiyasıdır.
Hikmət Babayev taksilərə tətbiq olunacaq vahid qiymət tarifi haqqında danışan zaman dediyi fikirlər onu haqlı olaraq tənqid hədəfinə çevirib.
BNA rəsmisi demişdi: ''Taksilərin qiymətləri bu gün o həddə enib ki, hətta avtobus qiymətlərinə az qala bərabərləşib. Yəni bu, belə olmalı deyil. Taksidən yararlanmaq olar, amma bunu gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Bunun üçün müntəzəm sərnişindaşıma mövcuddur”.
Demək olar ki, bütün sosial şəbəkə istifadəçiləri H.Babayevi tənqid atəşinə tutub. Çünki BNA rəsmisinin bu şərhi heç bir məntiqə sığmır. Hansı məmur vətəndaşa "taksini gündəlik daimi nəqliyyat vasitəsinə çevirmək düzgün deyil" kimi fikirlə müraciət edə bilər?
Aydın məsələdir ki, H.Babayev bundan sonra dediklərini başqa cür izah edə bilməyəcək.
Elə bunu anlayan H.Babayev rəsmi "Facebook" səhifəsinə ünvanlanan tənqidlərdən qaçmaq üçün səhifəsini bağlamaq məcburiyyətində qalıb.
Vətəndaşlar isə ən azı BNA sözçüsünün səsləndirdiyi fikirlərə görə xalqdan üzr istəməsini gözləyir.