Kukla Teatrının təşkil etdiyi nağıl müsabiqəsi yekunlaşdı
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının təşkilatçılıq etdiyi nağıl müsabiqəsinə əsər qəbulu başa çatıb.
Teatrın mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, dünyanı cənginə alan koronavirus pandemiyasının respublikamızın ərazisində daha geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən sosial təcrid layihələrinə özünəməxsus töhfələr verməyə çalışan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı da azyaşlılara bağlı nağıl müsabiqəsi keçirirdi.
Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyası, Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi və Kulis. Az saytının təşkilatçılığı ilə “Sənə nağıl danışım” adlı bu müsabiqə 7-13 yaş arası uşaqları əhatə edirdi.
Uşaqların evdəki vaxtlarını səmərəli keçirmələri, yaradıcılıq potensiallarını sərbəst nümayiş etdirmələri və onların ümumilikdə epidemiya, ondan qorunmaq üsulları ilə bağlı bilgilərini müəyyənləşdirmək məqsədilə təşkil olunan müsabiqə aprelin 10-dan 30-dək davam etdi.
Uşaqların böyük marağına səbəb olan müsabiqəyə 400-ə yaxın nağıl təqdim olunub.
Tanınmış yazıçı və jurnalistlərdən ibarət 5 nəfərlik münsiflər heyəti hazırda nümunələri oxuyub dəyərləndirirlər. Ümumilikdə 10 nağıl müəllifinin seçiləcəyi müsabiqənin şərtinə görə ilk iki yerin sahibini münsiflər heyəti, 3-cü qalibi isə onlayn (nağıllar Kulis.az saytında yerləşdiriləcək) səsvermənin nəticəsi təyin edəcək. Qalan 7 nəfər balaca nağılçıya isə müsabiqədə iştirak diplomları təqdim olunacaq.
Həmçinin ilk üçlükdə yer alan nağıllar əsasında tamaşa da hazırlanacaq. Belə ki, “Oyuq” teatr-studiyasının həvəskar aktyorları və teatrın peşəkar aktyor truppasının iştirakı ilə ərsəyə gələcək bu tamaşa karantin müddəti bitdikdən sonra səhnələşdirilməklə teatrsevərlərin ixtiyarına veriləcək.
Sonda onu da qeyd edək ki, müsabiqənin ilkin nəticələri mayın sonunadək elan olunacaq.