Mətbuat Şurası KİV-in xüsusi rejim dövründəki fəaliyyətinə dair tövsiyələr verib




Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 30-da keçirilmiş iclasında koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərlə bağlı qərar qəbul edib. Azərbaycan ərazisində xüsusi rejimin tətbiqini nəzərdə tutan bu qərarda tələb və tövsiyələrə mütləq qaydada əməl olunması şərti ilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən istiqamətlər içərisində kütləvi informasiya vasitələrinin də adı çəkilir.



KİV-lər koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı aparılan işlərin mühüm təbliğatçıları olmaqla yanaşı, cəmiyyətdə xəstəlik təhlükəsinə qarşı məsuliyyət hissinin gücləndirilməsinə yönələn maarifləndirici işlər də həyata keçirməkdədirlər. Bu fəaliyyət son dərəcə vacibdir. Təqdirəlayiq haldır ki, media orqanlarımız öz işlərinə intizamlı yanaşmaqla, jurnalistikanın funksiya və vəzifələrinə, həmçinin peşələrinə sadiqlik nümayiş etdirilər.

Azərbaycan Mətbuat Şurası bütün bunları yüksək qiymətləndirir və xüsusi rejim şəraitində KİV-lərin fəaliyyətinin daha da səmərəli qurulması üçün aşağıdakı məqamlara diqqət yetirilməsinini vacib sayır:

 Jurnalistlərin üzərilərində şəxsiyyət vəsiqələrini və redaksiyaların onlara verdiyi vəsiqələri götürmələri;
 Jurnalistlərin redaksiya tapşırıqlarına əməl etmələri. Bununla bağlı konkretliyin müəyyənləşdirilməsi və qorunması;
 Ehtiyac hiss edildikdə, jurnalistə verilən redaksiya tapşırığının redaksiya tərəfindən rəsmi qaydada təsdiqlənməsi. KİV rəhbərləri bu zərurətin yarana bilmə ehtimalını düşünməli və müvafiq addımlar atmalıdırlar. Nəzərə alınmalıdır ki, bu, jurnalistlərin işinin səmərəliliyinə təminat baxımından mühüm əhəmiyyət daşıyır;
 KİV rəhbərlərinin jurnalistlərin koronavirus infeksiyasına yoluxmamaları üçün müəyyənləşdirilmiş qaydalara ciddi əməl etmələrinə həssas yanaşmaları. Xüsusən də xəstəxanalara, poliklinakalara və koronavirus xəstələrinin olduqları karantin zonalarına gedən əməkdaşların təhlükəsizliyi məsələsini nəzarətdə saxlamaq;
 Koronavirus pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və digər dövlət qurumlarının məlumatlarından istifadə etməklə, əldə edilmiş digər bilgilərin rəsmi təsdiqinə nail olmaq. Heç bir halda dezinformasiyaların, rəsmi mənbəyi olmayan bilgilərin yayılmasına yol verməmək;
 Koronavirusla bağlı materiallar hazırlayarkən sahə ekspertlərinin seçiminə həssaslıqla yanaşmaq. Təqdim edilən materialların cəmiyyət üçün əhəmiyyətlilik dərəcəsinə diqqət yetirmək;
 İnsanlarda ruh düşgünlüyü, qorxu, stress, çaşqınlıq yaradan meylləri təbliğ etməməklə koronavirus təhlükəsinin bəşəriyyət üçün bəla mahiyyətinə aydınlıq gətirən, bununla bağlı cəmiyyəti düşündürən, mübarizə əzmi və ciddi məsuliyyət hissi aşılayan materialların təqdimatı.

Azərbaycan Mətbuat Şurası həmçinin bildirir ki, Şuranın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə də diqqət yetirir. Bununla bağlı MŞ-dən və DİN-dən nümayəndələr (MŞ-dən Əvəz Rüstəmov - (050) 206 96 02; DİN-dən Mətbuat Xidmətindən İlham Babayev (055) 771 82 62; Bakı şəhər BPİ-dən Elşad Hacıyev (055) 288 95 53) müəyyənləşdirilirb. Zərurət yarandığı hallarda jurnalistlər göstərilən mobil telefon nömrələrinə zəng edə bilərlər.

Azərbaycan Mətbuat Şurası onu da bildirir ki, jurnalist adından, vəsiqəsindən istifadə etməklə xüsusi rejimin qaydalarını pozma halları da monitorinq qrupu tərəfindən diqqətdə saxlanılacaqdır. Bununla bağlı konkret faktların araşdırılması həyata keçiriləcək, yerli polis orqanlarının əməkdaşları monitorinq qrupunun üzvləri ilə daimi əlaqədə olacaqlar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu