Bakcell və İNNOLAND gənc developerləri investorlarla tanış edib - FOTOLAR
“Bakcell”in Applab proqramı və İNNOLAND İnkubasiya və Akselerasiya mərkəzi özlərinin birgə inkubasiya proqramının iştirakçıları üçün “Demo Day” (Demo Günü) tədbiri keçirib.
Tədbirin məqsədi maliyyələşməyə ehtiyacı olan startaplar və sərmayə yatırmaq istəyən potensial investorları bir araya gətirmək və tərəflər arasında sağlam mühitdə davamlı əlaqələrin qurulmasına dəstək göstərməkdir.
Bakcell və İNNOLAND tərəfindən həyata keçirilən birgə inkubasiya proqramının finalçıları öz nailiyyət və yeniliklərini nümayiş etdirib perspektivli startaplara investisiya yatırmaq marağında olan şirkətlərin nümayəndələri və biznesmenlərlə tanış olmaq üçün dəvət olunublar. Bakcell tərəfindən dəstəklənən “Bon.az” (www.bon.az - onlayn “cashback” xidməti), “Towaves” (www.towaves.com - ortaq maraq və oxşar fikirləri olan insanları bir araya gətirən şəbəkə) və “Fonibo” (www.fonibo.com - ərzaq və yeməklərin çatdırılması platforması) startapları da layihə və gələcək planlarla bağlı məlumat vermək və potensial investorların diqqətini cəlb etmək imkanı qazanıblar.
2018-ci ildə Bakcell şirkəti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Həmin müqavilə çərçivəsində Bakcell və INNOLAND yerli startaplar üçün birgə inkubasiya proqramı həyata keçirir. İnkubasiya müddəti ərzində startap komandaları öz layihələri üzərində daha effektiv şəkildə işləyərək startap ideyalarını uğurlu və innovativ biznesə çevirmək üçün INNOLAND və Bakcell tərəfindən təqdim olunan pulsuz ofis sahəsi, peşəkar məsləhətlər, avadanlıq, təlimlər və digər imkanlardan istifadə edirlər.
Xatırladaq ki, 2014-cü ildən etibarən müxtəlif proqram təminatı və avadanlığın yaradılması ilə məşğul olan yerli startaplar və developerlər öz ideyalarını həyata keçirmək üçün Bakcell şirkətinin AppLab proqramından dəstək alırlar.