“Digər məscidlər də nümunə götürsün” - Elşad Miridən Hacı Şahinə DƏSTƏK




“Məsciddə imza günü keçirilməyini alqışlayır və davamlı olmağını arzu edirəm”.



Bunu ilahiyyatçı Elşad Miri AFN-ə
verdiyi açıqlama deyib. O, bildirib ki, imza günü ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsəliyə yönələn ittiham və təzyiqlər haqsızlıqdır : “ Məsciddə kitab təqdimatı, imza günü keçirilməyini ürəkdən alqışlayır, təqdir edirəm. Burda islama zidd heç nə yoxdur. Digər məscidlərin də “Məşədi Dadaş”dan nümunə götürməyini çox istərdim. Təəssüflər olsun ki, məscidlərimiz namaz saatlarından başqa vaxtlarda çox zaman boş qalır. Bu kimi faydalı sosial fəaliyyətlərin yenə keçirilməyi çox yaxşı olardı”.

E.Miri şair Şəhriyar Del Geraniyə qarşı etirazlara isə cavab olaraq qeyd edib ki, günahsız olan yalnız Allahdır: “Hər kəsin az, yaxud da çox dərəcədə günahı var. Günaha və cəzaya hökm edən Allahdır. Kiminsə əməllərini müzakirə və mühakimə etmək bəndəyə yaraşmaz. Günahı olduğu üçün şairi məscidə buraxmamaq elə islamın özünə zidd olardı”.

Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “Məşədi Dadaş” məscidində şair Ş.D. Geraninin imza günü keçirilib. Bu hadisə bir sıra dindar vətəndaşlar tərəfindən narazılıqla qarşılanıb. Etirazçılar şairin günahkar olduğunu, bir vaxtlar islam əleyhinə fikirlər səsləndirdiyini əsas gətirirlər. İmza günündən 10 günə yaxın vaxt keçsə də, məsələ hələ də sosial medianın gündəmindən düşmür.

Könül CƏFƏRLİ


AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu