"Mənim "Facebook" səhifəm yoxdur" - Mariya Stadnik
“Mənim öz “Facebook” səhifəm yoxdur. Səhifələrdə adımdan paylaşılan statuslar isə mənə məxsus deyil”.
Bunu Report-a açıqlamasında Azərbaycanın qadın güləşi üzrə 2 qat dünya, 7 qat Avropa çempionu, 3 qat olimpiya mükafatçısı və Avropa Oyunlarının ikiqat qalibi Mariya Stadnik deyib.
31 yaşlı idmançı bildirib ki, onun adından açılan səhifələrin admininin tapılması üçün Azərbaycan Güləş Federasiyası adından müvafiq qurumlara müraciət olunub: “Özüm hazırda Ukraynadayam. Federasiyamızla əlaqə saxlayaraq, xahiş etdim ki, mənim adıma açılan profillər silinsin. Kimsə şəxsi “Instagram” səhifəmdən fotolar paylaşır və hamı, hətta öz yaxınlarım da elə düşünür ki, bunları mən paylaşıram. Mənim “Facebook” səhifəm yoxdur. Özüm istifadə etmirəm, ərimin səhifəsinə hərdən girib baxıram”.