Qadını döyməyi Allahın buyurması yanlış tərcümədir - Elşad Miridən maraqlı AÇIQLAMA




Ailədaxili şiddətin gündəmdən düşmədiyi bir vaxtda biz də bu mövzunu diqqətdə saxlamaq istədik. Daha çox məişət zəminində baş verən münaqişələr ənənəvi olaraq, qadının döyülməsi ilə nəticələnir. Sosioloqların araşdırmalarına görə, fiziki zorakılıq hallarının bir səbəbi də din faktorudur.



Haqsız da deyillər. Tək elə dini saytlara nəzər salmaqla, qadına fiziki güc tətbiq etməklə bağlı silsilə yazı və moizələrə rast gələ bilərsiniz. Bir çox din xadiminin bu mövzuda geniş çıxışları da var. Hətta sosial mediada döyməyin qaydasını, zərbənin gücünü izah edən dini dərslər də tapmaq olar. Dəlil olaraq isə peyğəmbərdən rəvayət olunan hədislər və "Nisa" surəsinin 34-cü ayəsi göstərilir.

Deyilənləri dəqiqləşdirmək üçün adıçəkilən ayənin dilimizə olan tərcümələrinə baxaq. Vasim Məmmədəliyev və Ziya Bünyadovun birgə çevirdiyi ayədə həqiqətən də qadını döyməkdən bəhs edilir: "(Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!"

İndi isə Əlixan Musayevin tərcüməsinə nəzər salaq: "Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara (əziyyət vermək üçün başqa) yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür".

Gördüyünüz kimi, ayənin tərcümələrində aydın şəkildə qadını döymək yazılıb. Maraqlıdır, humanist dəyərləri ilə tanınan islamda döymək əmri necə izah olunur? Belə bir əmrin varlığı dinin ruhuna zidd deyilmi?

Əhalinin böyük əksəriyyətinin müsəlman olduğunu nəzərə alaraq, biz qadına qarşı şiddətlə bağlı dinin gerçək mövqeyini öyrənməyə çalışdıq. Görək, dindarların dəlil olaraq göstərdiyi ayə həqiqətən qadını döyməyə icazə verirmi? Yaxud da belə bir əmr varsa, bu əməlin vacibliyi, şərtləri necə açıqlanır?

Suallarımıza cavab tapmaq məqsədi ilə ilahiyyatçı Elşad Miri ilə həmsöhbət olduq. O, AFN-ə açıqlamasında bildirdi ki, Allah qadını döyməyi əmr etməyib və "Nisa" surəsinin 34-cü ayəsi Azərbaycan dilinə səhv tərcümə olunub: "Ayədə yer alan "darabə" feili yanlış olaraq, "döymək" kimi çevrilib. Qeyd edim ki, bu ifadə "Quran"ın başqa surələrində də işlədilib. Lakin yalnız qadınla bağlı məsələdə "döymək" mənasında tərcümə edilib. Məsələn, elə "Nisa" surəsinin 101-ci ayəsində həmin "darabə" sözü "səfərə çıxmaq", "yerimək" mənalarında öz əksini tapıb. Eləcə də eyni feilin mələklər üçün də buyrulduğuna rast gəlirik ("Ənfal" surəsi, 8/50; "Muhəmməd" surəsi, 47/27). Amma bu ayələrdə də o söz döymək kimi deyil, "can almaq" mənasında işlədilib. Gördünüyüz kimi, ayrı-ayrı ayələrdə "darabə" feili fərqli mənalarda istifadə olunub. Təəssüflər olsun ki, yalnız qadınlarla bağlı 34-cü ayədə döymək kimi tərcümə edilib".

İlahiyyatçının sözlərinə görə, sözügedən ayənin doğru tərcüməsi belə olmalıdır: “Kişilər həyat yoldaşlarını diqqətlə qoruyub himayə edərlər. Bu, Allahın hər birinə digərindən üstün xüsusiyyətlər verməsi və kişilərin mallarından xərcləmələrinə görədir. Yaxşı qadınlar (Allaha) itaət və Allahın qorumasına əvəz olaraq yalnız olarkən özlərini qoruyanlardır. Ayrılmasından qorxduğunuz xanımlarınıza öyüd verin/gözəl sözlər söyləyin, yataqlarından ayrılın və onları (orada) saxlayın. Sizi ürəkdən qəbul etsələr, onlara qarşı başqa yol axtarmayın! Allah ucadır, böyükdür” (“Nisa” surəsi, 4/34). Başqa, bir ayədə də Uca Allah belə buyurur: "…Rəbbiniz olan Allaha qarşı məsuliyyətli olun, onları evlərinizdən çıxarmayın" (“Talaq” surəsi, 65/1)".

E.Miri onu da bildirib ki, qadını döyməyi buyurmaq bir cinsin digəri üzərində üstünlüyünü qəbul etməkdir: "Allah belə bir ayrı-seçkiliyə icazə verərmi? Əlbəttə ki, xeyr! Ayəni səhv tərcümə etmək, qadının döyülməli olduğunu söyləmək əsl islamın mövqeyi deyil. Bu, uydurulmuş dinin irəli sürdüyü yanlış yanaşmadır".

Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu