Quduzluqla bağlı dəhşətli həqiqətlər: ARAŞDIRMA (Video 18+)




Quduzluq virus mənşəli, ən qədim və ölümcül xəstəliklərdən biridir. Peyvənd edilməyəndə 100 faiz ölümlə nəticələnir. Hər il dünyada təxminən 55 min insan bu virusdan dünyasını dəyişir. Ölənlərin yarısı 15 yaşdan kiçik uşaqlardı.



Quduzluq necə yayılır?

İnsana bu xəstəlik quduz heyvanlardan keçir. Aparılan araşdırmalar nəticəsində, canavar, it, çaqqal, tülkü, yarasa, inək, pişik və eşşəkdə quduzluq virusu aşkar edilib. Quş və böcəklərdə isə belə bir xəstəliyə rast gəlinməyib. Virus quduz heyvanın insanı dişləməyi, yaxud da dərisini cırmaqlamağı ilə yayılır. Eləcə də açıq yaraya heyvanın ağız suyu təmas edərsə, yoluxmaq mümkündür. Odur ki, quduz heyvanla hər hansı bir təmasınız olubsa, vaxt itirmədən həkimə müraciət etməyiniz lazımdır. Statistikaya görə, insanlara quduzluq virusu 92 faiz itlərdən keçir.



Maraqlıdır, bu rəqəmi nəzərə alaraq, hər kəsə vaksin vurulmağına ehtiyac varmı? Addımbaşı küçə itləri ilə rastlaşmağımız sağlamlığımız üçün nə dərəcədə təhlükəlidir? Tibb üzrə fəlsəfə doktoru, infeksoinist Vüqar Cavadzadə AFN-ə açıqlamasında bildirib ki, hər kəsin quduzluq əleyhinə peyvənd almağına lüzum yoxdur: "Heyvan tərəfindən hücuma məruz qalan, yaralanan şəxslərə antirabik vaksin lazımdır. Eləcə də ev heyvanları saxlayan vətəndaşlara 3 inyeksiya peyvənd vurdurmalarını tövsiyyə edirik. Davamlı təhlükəsizlik üçün bu peyvəndi 1-2 ildən bir, yenidən təkrarlamaq məsləhətdir. Daha yaxşı olar ki, tək adamlar deyil, ev və küçə heyvanları da vaxtaşırı vaksinasiya edilsinlər".

İtin quduz olduğunu necə bilək?

Quduz itdə bir sıra fiziki əlamətlər olur. Məsələn, susuz olduqları halda su içə bilmir, səbəbsiz yerə çevrədəki bütün canlılara hücum edir, taxta gəmirməyə, parça çeynəməyə başlayır, qaranlıq yerə çəkilir, ağzından selik axır və s. Xəstə it 4-5 günə iflic olub, ölür.

İt dişləyibsə, nə etməli?

Dişləmiş heyvanın quduz olub-olmadığını bilmirsinizsə, bütün halda peyvənd almağınız tövsiyyə edilir. Bu, həyatınızı sığortalamaq üçün çox önəmlidir. Həkimə gedənə qədər ilk yardımı özünüz də edə bilərsiniz. Bunun üçün yaranı bol və təzyiqli su ilə sabunlamaq, 15 dəqiqə ərzində yaxşı yumaq lazımdır. Daha sonra yara və ətrafını spirt, yaxud betadinlə dezinfeksiya etməyiniz faydalıdır. Bu yolla virusun orqanizmdə yayılmasının qarşısını qismən də olsa ala bilərsiniz. Ardınca isə vaxt itirmədən həkimə müraciət etmək zəruridir. Eləcə də ilk 4 gün (istisna hallardan başqa) yaraya tikiş vurulması sağlamlıq üçün təhlükəlidir. İnfeksionist V. Cavadzadənin də bildirdiyinə görə, peyvəndi tez bir zamanda almaq çox önəmlidir: "Yaralanmadan dərhal sonra xəstəxanaya getmək lazımdır. Peyvəndi gecikdirmək ölümlə nəticələnə bilər. Əgər xəstəyə tez müdaxilə olunarsa, həyatını xilas etmək mümkündür. Bunun üçün ona 6 inyeksiya təyin olunur. Pasient gecikmədən, zamanında antirabik vaksin alarsa, 96-99 faiz quduzluğa tutulmayacaq".

Onu da qeyd edək ki, quduzluqdan ölüm sayı uşaqlar arasında daha çoxdur. Yaraları barədə valideynə məlumat vermədikləri üçün peyvəndə gecikir, həyatlarını xils etmək mümkün olmur.

Quduzluğun müalicəsi varmı?

Tibbdə quduzluqdan qorunmağın hələlik tək yolu peyvənddir. Məlumat üçün qeyd edək ki, quduzluq virusu ilk dəfə 1882-ci ildə fransız alimi Lui Paster tərəfindən aşkar edilib. Həmçinin bu xəstəlik əleyhinə vaksini də o, hazırlayıb. L. Paster quduz dovşanın onurğa iliyindən düzəltdiyi peyvəndi ilk dəfə 1885-ci ildə 9 yaşlı uşağa vurub. Xəstə sağalandan sonra vaksin tibbdə geniş tətbiq olunmağa başlayıb.

İnsanı quduz heyvan dişləyibsə, xəstəliyin ilkin əlamətləri üzə çıxmadan həyatını xilas etmək olar. Lakin virus orqanizmdə inkişaf edib, artıq quduzlaşma başlayıbsa, bunun müalicəsi yoxdur. Tibbi müdaxilə xəstənin yalnız ömrünü uzada bilir. Odur ki, yaralanan insan gecikmədən həkimə müraciət etməli, sistemli şəkildə (0-3-7-14-28-90-cı günlərdə) peyvənd almalıdır. Müsahibin sözlərinə görə, quduz heyvanla təmasda olan insanı yalnız ilkin mərhələdə xilas etmək mümkündür: "Əgər xəstədə artıq quduzluq əlamətləri müşahidə edilirsə, heç bir müdaxilə ilə həyatını qurtarmaq olmur. Bunun tibbdə hələki çarəsi yoxdur. Orqanizmdə virusun inkişaf etməsi 100 faiz ölümlə nəticələnir".

Quduzluğun ilkin əlamətləri və dəhşətli ölüm

Tibb elmi bir çox sahələr üzrə inkişaf etsə də, L.Pasterdən indiyədək bu xəstəliyin müalicəsində təəssüf ki, ciddi bir irəliləyiş əldə olunmayıb. Virus bədənə daxil olandan təxminən 3-8 həftə sonra əlamətləri üzə çıxır. Xəstədə halsızlıq, qızdırma iştahsızlıq, qusma, baş və boğaz ağrıları yaranır, sudan, işıqdan qorxmağa başlayır. Daha sonra tənəffüz əzələləri iflic olur, xəstə komaya girir, çox əzablı ölümlə dünyasını dəyişir. Kaliforniya Universiteti tərəfindən quduzluqla bağlı hazırlanan sənədli filmdə xəstənin ölüm anı da lentə alınıb. AFN həmin videomaterialın bir hissəsini təqdim edir. 18 yaşından kiçik, əsəbi zəif şəxslərin baxmağı tövsiyyə olunmur.



Könül CƏFƏRLİ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu