Tbilisidə “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” Beynəlxalq Konfransı keçirildi
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Diaspor İnformasiya Mərkəzi Tiflisdə Gürcüstan-Azərbaycan əlaqələrinə həsr olunan beynəlxalq konfrans keçirib.
Tiflis Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində reallaşan “101 illik dostluqdan strateji ortaqlığa: Gürcüstan-Azərbaycan” mövzusunda Beynəlxalq Konfrans adı altında keçirilən konfransda Gürcüstanın tanınmış politoloqlar, ekspertlər, QHT və media rəhbərləri iştirak ediblər.
M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva konfransı açaraq iki ölkənin dostluq münasibətlərinin tarixinə nəzər salıb, bu cür tədbirlərin xalqlarımız arasında əlaqələri daha da möhkəmləndirdiyini qeyd edib.
Konfransın moderatoru – Rustavi-2 televiziyasının teleaparıcısı Ceyhun Narzalov layihə haqqında iştirakçılara qısa məlumat verib və sözü çıxışçılara verib.
“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Yeni Çağ” Media Qrupunun direktoru Aqil Ələsgər çıxış edərək, Azərbaycan-Gürcüstan əlaqələrindən və ortaq lahiyələrdən danışıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qrupu, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən 2 aylıq layihə çərçivəsində hazırlanan ““DANIŞIR XOCALI” – sənədli film” layihəsi və bu layihə çərçivəsində reallaşan konfrans haqqında danışan Aqil Ələsgər bildirdi ki, “Bizim əsas məqsədimiz tarixən dost və qardaş ölkə olan Gürcüstanla əlaqələrimizi, ümumi maraqlarımızı və gələcək perspektivlərimizi müzakirə etmək, eyni zamanda, əsrlər boyu xalqımızın başına gətirilən müsibətlər, ortaq problemlərimiz barədə daha geniş məlumat verməkdən ibarətdir. Belə bir strateji layihəmizi dəstəklədiyinə görə təşkilatımız adından Şura rəhbərliyinə, katibliyinə dərin təşəkkürümü bildirirəm”.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı Səfirliyinin birinci katibi Vüqar Mustafayev iki ölkə arasında əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolundan bəhs edib.
Qafqaz Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Gela Vasadze hesab edir ki, əlaqələrin daha da yaxınlaşması üçün hər iki ölkənin vətəndaş cəmiyyətinin üzərinə böyük yük düşür.
Yaxın Şərq və Qafqaz İnstitutu (IMECS) təsisçisi və baş icraçı direktoru Vasili Papava iki ölkə arasını vurmaq üçün müxtəlif güclərin səy göstərdiyini, fəqət sağlam təməllər əsasında qurulan birliyi poza bilməyəcəyini vurğulayıb.
Mədəniyyət və Əlaqələr Təşkilatının rəhbəri Natella Grigalashvili isə iki ölkənin ortaq mədəniyyətindən bəhs edib.
Daha sonra çıxış edən Tazdreli Fondunun prezidenti, Gürcüstan-Qafqaz Strateji Araşdırmaları İnstitutunun eksperti Teimuraz Toumanişvili, Beynəlxalq Qara dəniz Universitetinin professoru Nika Çitadze, tarixçi alim Guram Markhulia, araşdırmaçı jurnalist İrma Mesşi, yazıçı Beka Korşiya, jurnalist Sopho Mtivlişvili, Gürcüstan Azərbaycanlıları Konqressinin sədri Hüseyn Yusifov, Azərbaycan Diaspor İnformasiya mərkəzinin direktoru Toğrul Allahverdili və digərləri çıxış edərək mövzu ətrafında məruzələr etdilər.
Tədbirin sonunda “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ingilis dilində hazırladığı “DANIŞIR XOCALI” – sənədli filmi konfrans iştirakçılarına təqdim olunub.