Almaniyadan Azərbaycana mal-qara gətirilməsinə qadağa qoyuldu
Fevralın ortalarında Almaniyanın Şlezviq-Qolşteyn federal torpağının Kənd Təsərrüfatı Nazirliyi diri mal-qaranın 14 ölkəyə, o cümlədən Azərbaycana ixracatına qadağa qoyub.
Virtualaz.org Almaniyanın “Tagesschau.de” nəşrinə istinadən xəbər verir ki, Bavariya federal torpağı da Azərbaycanla yanaşı bir sıra ölkələrə ixracatı ciddi şəkildə məhdudlaşdırıb.
Mənbəyə əsasən, qadağaya səbəb heyvanların Avropa İttifaqının müəyyənləşdirdiyi qaydalara uyğun daşınmamasıdır. Həmin qaydalara görə, canlı heyvanlar ixrac edilərkən, hər 29 saatdan bir onlar nəqliyyat vasitəsindən düşürülməli. yedirilməli və içizdirilməlidirlər. Əgər nəqliyyatçı bunu yerinə yetirə bilmirsə, diri mal-qaranı nəql etmək olmaz.
Martın 6-da dərc edilmiş yazıda bildirildiyinə görə, daha bir neçə federal torpaq diri mal-qaranın Azərbaycana, Türkiyəyə, Misirə və bir sıra digər ölkələrə ixracatına qadağa qoymağa hazırlaşır.