Hindistan HDQ-nin bütün yeni gəmiləri bu raketlərlə təchiz olunacaq


Hindistan Hərbi Dəniz Qüvvələrinin (HDQ) perspektivli gəmiləri Rusiya-Hindistan birgə müəssisəsi olan "Brahmos Aerospace" şirkətinin istehsalı olan səssürətli qanadlı raketlərlə təchiz ediləcək.

AFN.az xəbər verir ki, bu barədə "Donanma-2026" (Flot-2026) Beynəlxalq Hərbi-Dəniz Salonu çərçivəsində TASS agentliyinə açıqlamasında şirkətin idarəedici həmsədri Aleksandr Maksiçev məlumat verib.

"Hindistan HDQ-nin bütün müasir gəmiləri, birinci xətt gəmiləri 'Brahmos' raketləri ilə təchiz olunub və gələcəkdə də təchiz ediləcək. Donanma onları müxtəlif sınaqlar zamanı yoxlayıb. Raketlərin təkmilləşdirilməsi prosesi dondurulmayıb, biz onların döyüş imkanlarını daim inkişaf etdiririk", - deyə Maksiçev bildirib.

"Brahmos" raketi Rusiyanın "Maşınqayırma" Elmi-İstehsalat Birliyi və Hindistan Müdafiə Nazirliyinin Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən birgə hazırlanıb. Raketin istehsalı üçün 1995-ci ildə "BrahMos Aerospace" birgə müəssisəsi təsis edilib. Hazırda bu raketin quru, dəniz və hava bazalı variantları istehsal olunur.

Qeyd edək ki, "Brahmos" səssürətli qanadlı raketlərinin ilk xarici sifarişçisi Filippin olub. Manila idarəsi sifariş etdiyi raketlərin birinci partiyasını 2024-cü ilin aprelində, ikinci partiyasını isə 2025-ci ilin aprelində qəbul edib. 375 milyon dollar dəyərində olan müqavilə 2022-ci ilin yanvarında imzalanıb. Sazişin şərtlərinə əsasən, Filippin atəş mənzili 290 km olan və səs sürətini üç dəfə üstələyən raket kompleksi üçün ümumilikdə üç batareya əldə edəcək. Müqaviləyə, həmçinin operatorların təlimi və zəruri kompleks logistik dəstək paketi də daxildir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu