CNN: "Gerald R. Ford" aviadaşıyıcısının təmiri bir il çəkə bilər
ABŞ-ın "USS Gerald R. Ford" aviadaşıyıcısının təmiri bir ilə qədər uzana bilər. Buna səbəb gəminin İrana qarşı keçirilən hərbi əməliyyat zamanı rəsmi açıqlamalarda qeyd olunduğundan daha ciddi zərər görməsidir.
AFN.az xəbər verir ki, bu barədə CNN teleşirkəti öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, cari ilin mart ayında aviadaşıyıcının göyərtəsində baş verən yanğın ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi bəyanatında iddia edildiyindən daha təhlükəli və dağıdıcı olub. Yüksəkrütbəli amerikalı rəsminin verdiyi məlumata görə, gəmidəki yanğınsöndürmə sistemi işləməyib və dənizçilər alovla təkbaşına mübarizə aparmaq məcburiyyətində qalıblar. Yanğını yalnız 30 saatdan sonra söndürmək mümkün olub.
"Mən həqiqətən gəmini itirəcəyimizi düşünürdüm", - deyə dənizçilərdən biri CNN-ə bildirib. Telekanal həmçinin xatırladır ki, aviadaşıyıcıda kanalizasiya sisteminin sıradan çıxması da növbəti ciddi problemə çevrilib.
Qeyd edək ki, "USS Gerald R. Ford" dənizdə rekord sayılan 11 ay qaldıqdan sonra may ayında Norfolkdakı (Virciniya ştatı) bazasına qayıdıb. Bu müddət ərzində gəmi Avropadan Venesueladakı əməliyyat üçün Karib hövzəsinə, oradan isə Yaxın Şərqə yönləndirilmişdi.
