Avropa Parlamenti Google yerinə Fransanın Qwant axtarış sisteminə keçir
Avropa Parlamenti (AP) rəqəmsal suverenlik hədəfi çərçivəsində qurumun kompüterlərində standart axtarış sistemi kimi istifadə olunan Google-un əvəzinə Fransanın Qwant axtarış sistemindən istifadə etməyə başlayacaq.
AFN.az xəbər verir ki, AP-dən verilən bəyanata görə, bu gündən etibarən qurum daxilində istifadə edilən brauzerlərdə standart axtarış sistemi Qwant olacaq.
Açıqlamada bu dəyişikliyin avtomatik tətbiq ediləcəyi, lakin istifadəçilərin istədikləri təqdirdə fərqli axtarış sistemlərini də seçə biləcəkləri qeyd olunub.
Bildirilib ki, sözügedən addım Avropa İttifaqının (Aİ) Avropadan kənar rəqəmsal vasitələrdən asılılığını azaltmaq və Avropa mərkəzli rəqəmsal xidmətləri təşviq etmək məqsədi daşıyan strategiyasının bir hissəsidir.
720 deputatın fəaliyyət göstərdiyi Avropa Parlamentində təxminən 8 min 400 məmur və işçi heyəti, həmçinin 2 min deputat köməkçisi olmaqla, ümumilikdə 10 mindən çox insan çalışır.
2013-cü ildə Fransada qurulan Qwant istifadəçi məlumatlarını izləməməsi və şəxsi məlumatlardan reklam məqsədilə istifadə etməməsi ilə seçilən Avropa mərkzli axtarış sistemi kimi tanınır.
Digər tərəfdən, Aİ Komissiyası yarımkeçiricilər, süni intellekt, bulud texnologiyaları və açıq mənbəli texnologiyalarda xarici asılılığı azaltmağı hədəfləyən yeni planını ötən gün ictimaiyyətə təqdim edib.

