ABŞ-də 60 il sonra bir heyvanda ətyeyən parazit aşkarlandı



ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) ətyeyən parazit kimi tanınan "Yeni Dünya Vida Qurdu"nun (NWS) 1966-cı ildən bəri ilk dəfə ölkədəki bir heyvanda təsbit edildiyini elan edib.

AFN.az xəbər verir ki, "BBC"-nin yaydığı məlumata görə, USDA-dan verilən bəyanatda son bir ildir Meksika miqyasında yayılan parazitin Texas ştatındakı üç həftəlik bir buzovun göbək bağı nahiyəsində aşkarlandığı bildirilib.

Hadisənin ABŞ-nin Meksika sərhədindən təxminən 48 kilometr məsafədə yerləşən La Prayor qəsəbəsində qeydə alındığı diqqətə çatdırılıb.

Parazitin ən geniş yayılmış yoluxma yolunun infeksiyalaşmış heyvanlar vasitəsilə daşınması olduğunu bildirən federal və ştat rəsmiləri infeksiyanın qarşısını almaq məqsədilə hadisənin baş verdiyi bölgədə 20 kilometrlik karantin zonası yaradıldığını açıqlayıblar.

Digər tərəfdən, parazitlərin yayılmasının qarşısını almaq üçün əraziyə milyonlarla qısırlaşdırılmış vida qurdu milçəyinin buraxılması istiqamətində hazırlıqlara başlanılıb.

Ömrü boyu yalnız bir dəfə cütləşmə xüsusiyyətinə malik olan dişi milçəklərin bu üsulla mayalanmamış yumurta qoyması və beləliklə, yeni sürfələrin yaranmasının qarşısının alınması hədəflənir.

Bundan əlavə, parazitin insanlara və ev heyvanlarına yoluxma riskinin olduqca aşağı olduğu, vəziyyətin qida təhlükəsizliyi baxımından hər hansı bir təhdid yaratmadığı vurğulanır.

ABŞ-nin Kənd Təsərrüfatı naziri Bruk Rollins mövzu ilə bağlı açıqlamasında nazirlik əməkdaşlarının əməliyyatlara dəstək vermək üçün Cənubi Texasa çatdığını bildirərək heyvandarlıqla məşğul olan şəxsləri diqqətli olmağa çağırıb.

Rollins həyata keçirilən önləyici tədbirlər sayəsində parazitin ölkəyə daxil olmasının bir il gecikdirildiyini qeyd edib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu