Yaxşı olar ki, ADY hökumətdən dəstək almaq üçün mübarizə aparsın - Osman Gündüz
"Kupe üçün elan olunan 81 manat, gözlənildiyi kimi, 125 manat oldu. Doğrudur, mən 120 manat olacağını təxmin etmişdim, cəmi 5 manatlıq bir xətam olub".
AFN.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında yazıb. O, ADY-nin Bakı-Tbilisi və Tbilisi-Bakı istiqamətləri üzrə qatar qiymətləri haqda fikir bildirib:
"Hər şey elə gözlənildiyi kimidir. 27-28 may tarixlərinə baxdım; 81 manatlıq qiymətdən əsər-əlamət yoxdur, kupe üçün biletin qiyməti 125 manata qalxıb. Bu tarixlərdə SV 180 manat, lüks yerlər isə 277 manat təşkil edir. Bir ay sonraya – 20-21 iyun tarixlərinə baxdıqda isə 81 manatlıq tarifin yenə də arxa plana keçdiyini, kupe qiymətinin 93 manat olduğunu görürük.
Beləliklə, gözlənildiyi kimi, ADY-nin qiymət siyasəti Bakı-Balakən xəttindəkindən fərqlənmədi. Bu qiymətlər heç bir halda ağlabatan deyil.
Bir daha vurğulamaq istərdim ki, biz ADY-nin dəmir yolu ekosisteminin dirçəldilməsi, xüsusən də yükdaşımaların gücləndirilməsi istiqamətindəki səylərini görür, dəyərləndirir və təqdirəlayiq hesab edirik. Amma qurumun sərnişindaşıma sahəsindəki qiymət siyasətini qüsurlu sayırıq".
O.Gündüz qeyd edib ki, yaxşı olardı ki, bu təbii inhisar subyekti sərnişindaşımaya subsidiya ayrılması ilə bağlı Prezidentin fərmanına uyğun olaraq, hökumətdən dəstək almaq üçün çalışsın, mübarizə aparsın: "Yükdaşımadan əldə olunan gəlirlərin daha da artırılması və bu vəsaitlərin sərnişindaşımaya yönləndirilməsi daha məntiqli olardı. Bu yollara baş vurmaq əvəzinə xərclərin sadə vətəndaşların üzərinə yıxılması və qiymətlərin 3-4 dəfə qaldırılması yolverilməzdir".



