Türkiyədə dəhşət: Silahlı şəxs qarşısına çıxanı güllələdi - 4 ölü, 8 yaralı var (YENİLƏNİB)
Aparılan ilkin araşdırmalar göstərir ki, silahlı hücumçu restorana gəlməzdən əvvəl daha iki qətliam törədib.
Belə ki, caninin qanlı aksiyaya ilk olaraq öz keçmiş həyat yoldaşını və onun yanında olan daha bir nəfəri öldürməklə başladığı müəyyən edilib. Daha sonra restorana yollanan şəxs orada ətrafa nizamsız atəş açaraq əlavə 4 nəfərin ölümünə səbəb olub.
Mersini sarsıdan bu ardıcıl cinayətləri törədən şəxsin kimliyi artıq hüquq-mühafizə orqanlarına məlumdur. Sözügedən ağır cinayətləri törətməkdə şübhəli bilinən şəxsin 37 yaşlı Mətin Öztürk (Metin Öztürk) olduğu bildirilir. Artıq onun fotoşəkli də media və ictimaiyyətə təqdim olunub.
Hazırda hadisə yerindən qaçmağı bacaran silahlı cinayətkarın yerinin müəyyən edilməsi və onun qısa müddətdə ələ keçirilməsi üçün təhlükəsizlik qüvvələri tərəfindən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri fasiləsiz olaraq davam etdirilir.
***
Türkiyənin Mersin şəhərində bir nəfər ard-arda bir neçə nəfəri güllələyərək qətliam törədib.
AFN.az xəbər verir ki, qanlı hadisə şəhərin Tarsus rayonunda baş verib.
Məlumata görə, odlu silahla silahlanmış şəxs ilk olaraq ərazidəki restoranlardan birinə basqın edib və qəfildən ətrafa atəş açıb. Silahlı hücum nəticəsində iaşə obyektinin sahibi və orada çalışan bir işçi hadisə yerindəcə dünyasını dəyişib.
Cinayəti törətdikdən sonra avtomobillə qaçan şəxs yolboyu qətliamlarını davam etdirib. O, əvvəlcə yaxınlıqda heyvan otaran gənc bir oğlanı, daha sonra isə öz evinin önündə dayanan yük avtomobilinin sürücüsünü güllələyərək öldürüb. Həmin şəxs qaçmaq istərkən qarşısına çıxan daha 8 nəfərə də atəş açaraq onları müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralayıb.
Hadisə barədə məlumat daxil olan kimi əraziyə dərhal çoxlu sayda jandarma qüvvələri və təcili tibbi yardım maşınları cəlb olunub. Güllə yarası alan 8 nəfər təcili xəstəxanalara çatdırılıb.
Hazırda dörd nəfərin ölümünə, səkkiz nəfərin isə yaralanmasına səbəb olan silahlı şübhəlinin yaxalanması və zərərsizləşdirilməsi istiqamətində hüquq-mühafizə orqanları tərəfindən genişmiqyaslı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


