Mask və "OpenAI" məhkəmə qərarı münsiflər heyətində: Süni intellektin gələcəyi səsə qoyulur



Dünyanın ən zəngin insanı İlon Mask ilə "OpenAI" şirkətinin rəhbəri Sem Altman arasındakı 150 milyard dollarlıq tarixi məhkəmə prosesində yekun müdafiə çıxışları tamamlanıb və texnologiya dünyasının taleyini təyin edəcək münsiflər heyəti yekun qərar üçün bu gün müzakirələrə başlayır.

AFN.az xəbər verir ki, texnologiya dünyasının iki nəhəng simasını qarşı-qarşıya gətirən və bəşəriyyətin sonu ilə bağlı mübahisələri məhkəmə zalına daşıyan prosesdə kritik mərhələyə qədəm qoyulub.

Kaliforniyadakı federal məhkəmədə həftələrdir davam edən iclaslardan sonra münsiflər heyətinin üzvləri bu gün bir araya gələrək qərar üçün səsvermə prosesinə start verəcəklər.

"OpenAI" şirkətinin qeyri-kommersiya təşkilatı xüsusiyyətini pozaraq kommersiya strukturuna çevrildiyini və özünün aldadıldığını iddia edən İlon Mask şirkətdən 150 milyard dollar təzminat tələb edir. Bundan əlavə, Mask "OpenAI"ın təsis fəlsəfəsinə geri dönməsini və mövcud rəhbər heyətinin vəzifədən uzaqlaşdırılmasını istəyir.

Ekspertlər məhkəmənin çıxaracağı qərarın təkcə 1 trilyon dollar dəyərlənmə ilə birjaya çıxmağa hazırlaşan "OpenAI" şirkətinə deyil, başda "Microsoft" olmaqla süni intellekt sektorundakı onlarla nəhəng firmaya ciddi təsir göstərəcəyini qeyd edirlər.

Məhkəmə iclasları zamanı şahid kürsüsünə çıxan İlon Mask "Google"un qurucusu Larri Peyclə keçmişdə yaşadığı bir mübahisəni nəql edərək, Peycin süni intellektin bəşəriyyəti yox etməsini önəmsəmədiyini və insan irqini müdafiə etdiyi üçün özünə "irqçi" dediyini iddia edib.

Mask "OpenAI"ı qurmaqda əsas motivasiyasının süni intellektin insanlığı məhv etmə riskinin qarşısını almaq olduğunu müdafiə edib.

"OpenAI" tərəfi isə İlon Maskın iddialarını tamamilə rədd edərək tanınmış milyarderi seçici yaddaş itkisi yaşamaqda ittiham edir.

Şirkətin vəkilləri Maskın gəlir yönümlü struktura keçid planlarından ən başından bəri xəbərdar olduğunu və müvafiq sənədləri imzaladığını irəli sürürlər. Həmçinin Maskın özünə məxsus "xAI" süni intellekt şirkətini böyüdərək rəqibini sıradan çıxarmaq istədiyi və bu çəkişmənin tamamilə şəxsi iddialardan ibarət olduğu iddia edilir.

Silikon Vadisinin milyarderlər müharibəsində münsiflər heyətinin ilk qərarını bu həftənin əvvəlində açıqlayacağı gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu