ATU-da Heydər Əliyevin 103 illiyinə həsr olunmuş tədbir keçirilib
Azərbaycan Tibb Universitetində (ATU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AFN.az xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Liderin və şəhidlərin xatirəsi ehtiramla yad olunub. ATU-nun YAP təşkilatının sədri, professor Sabir Əliyev çıxışında Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın ictimai-siyasi və mədəni həyatında baş verən əsaslı dəyişikliklərdən danışıb.
Professor xüsusi vurğulayıb ki, Ulu Öndərin hələ sovet dövründə milli dilə və kimliyə verdiyi önəm milli ruhun güclənməsində müstəsna rol oynayıb. O, həmçinin Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirərək xalqın ən böyük arzusu olan torpaqlarımızın azadlığını gerçəkləşdirdiyini bildirib.
Tədbirdə çıxış edən professor Həqiqət Qədirova Heydər Əliyevin səhiyyə və tibb təhsilinin inkişafı, milli kadr potensialının formalaşdırılması istiqamətindəki xidmətlərini diqqətə çatdırıb. Bildirilib ki, dahi rəhbər yüksəkixtisaslı tibb mütəxəssislərinin hazırlanmasını hər zaman dövlət siyasətinin prioritet istiqaməti kimi görüb.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub, tələbə Azərin Şükürlü gənclərin dahi şəxsiyyətin zəngin irsinə olan sadiqliyindən bəhs edib.



