Kriptovalyuta birjası müştərilərinə səhvən 620 min bitkoin göndərdi
Cənubi Koreyanın ikinci ən böyük kriptovalyuta birjası olan "Bithumb" ötən həftə keçirilən promo-aksiya zamanı müştərilərinə səhvən 620 min bitkoin (BTC) təyin edib. Təxminən 42 milyard dollar dəyərində olan bu xətanın ardından birja rəhbərliyi itirilmiş vəsaitləri geri qaytarmaq üçün intensiv səylər göstərir.
Xətanın səbəbi: Hadisə 6 fevral tarixində bir əməkdaşın "təsadüfi qutu" (random box) kampaniyası çərçivəsində mükafat məbləğlərini Koreya vonu əvəzinə səhvən bitkoin vahidi ilə daxil etməsi nəticəsində baş verib.
Məbləğ fərqi: Normal şəraitdə 695 müştəriyə cəmi 620 min von (təxminən 423 dollar) paylanması planlaşdırılsa da, xəta nəticəsində müştərilərə 620 min bitkoin (təxminən 42 miyard dollar) göndərilib.
İştirakçılar: Kampaniyaya qatılanlardan 249 nəfər mükafat qutularını açaraq, birjanın sahib olduğu ümumi bitkoin miqdarından təxminən 14 dəfə çox aktivin hesablarında olduğunu görüblər.
Maliyyə qurumlarından kəskin reaksiya
Cənubi Koreya Maliyyə Nəzarəti Xidmətinin (FSS) rəhbəri Li Çan-cin yaşanan vəziyyəti bitkoinlərini satan istifadəçilər üçün "fəlakət" kimi xarakterizə edib. Cümə günündən bəri bitkoin qiymətlərinin yüksəlməsi səbəbindən aldıqları aktivi geri qaytarmaq məcburiyyətində qalan müştərilərin ciddi zərərlərlə üzləşə biləcəyi proqnozlaşdırılır. Li qeyd edib ki, bu hadisə birjaların daxili qeydiyyat sistemlərindəki struktur problemlərini üzə çıxarıb.
Hüquqşünaslar isə aktivləri satan istifadəçilərin cinayət məsuliyyətinə cəlb edilib-edilməyəcəyi barədə fərqli fikirlər irəli sürürlər. Cənubi Koreya Ali Məhkəməsinin 2021-ci ildə verdiyi bir qərar kriptovalyutaların cinayət hüququ çərçivəsində əmlak hesab olunmadığına işarə edir.
İndandırma prosesi və hüquqi qeyri-müəyyənliklər
"Bithumb" xətalı əməliyyatların 99,7%-ni daxili qeydləri geri qaytararaq düzəltidyini açıqlayıb və baş verənlərə görə üzr istəyib. Lakin birja hesabları dondurulmazdan əvvəlki 35 dəqiqə ərzində 86 müştəri təxminən 1788 bitkoini satıb. Bu, platformada qısamüddətli qiymət düşüşünə səbəb olub. Satılan aktivlərin bir hissəsinin şəxsi bank hesablarına köçürüldüyü və ya digər kriptovalyutalara çevrildiyi bildirilir.
Birja rəhbərliyi hazırda nağdlaşdırılan məbləğlərin geri qaytarılması üçün təxminən 80 müştəri ilə təkbətək inandırma görüşləri keçirir. Şirkətin məhkəmələrin nağd pul əvəzinə aktivin orijinal variantının (bitkoinin) qaytarılması barədə qərar çıxara biləcəyi mülki iddialardan qaçmağa çalışdığı qeyd olunur.
Məsələ parlament səviyyəsinə daşınıb
FSS hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başlayıb. Cənubi Koreya parlamenti isə 11 fevral tarixində birja rəsmilərinin və maliyyə qurumlarının dinləniləcəyi fövqəladə iclas təşkil edəcək. "Bithumb" bəyanatında vurğulayıb ki, hadisə kənar kiberhücum və ya təhlükəsizlik pozuntusu ilə bağlı deyil. Bildirilib ki, bütün ödəniş prosesləri və daxili nəzarət sistemləri yenidən təkmilləşdiriləcək.

