Piyadaların hərəkətinə çətinlik yaradan sürücülərlə bağlı tədbir görülüb
Piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı polisə edilən müraciətlər əsasında profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AFN.az-a verilən məlumata görə, növbəti tədbir zamanı paytaxtın Yasamal rayonunda yerləşən piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.
Qeyd edək ki, səkilərdə maşınların saxlanılması piyadaların yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə onların həyat və sağlamlığını real təhlükə altında qoyur.
Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl edilməlidir. Piyada səkilərində avtomobillərin saxlanılması qanun pozuntusu olmaqla bərabər, sürücü intizamsızlığı kimi də qiymətləndirilir.
Sonda qeyd edirik ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək.





