“İmarət”çi Məhəmmədəlinin döyüş yolu: Tribunadan səngərə - Asəf Quliyevin yeni filminin təqdimatı olub



Vətən müharibəsi şəhidi, “Qarabağ” futbol klubunun “İmarət” Azad Azarkeş Qrupunun üzvü Məhəmmədəli İbrahimliyə həsr olunmuş “Məhəmmədəli” sənədli filminin təqdimat mərasimi keçirilib.

AFN.az xəbər verir ki, film Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “İnformasiya məkanında müharibə iştirakçılarının tanıdılması” layihəsi çərçivəsində çəkilib.

“Nizami” Kino Mərkəzində baş tutan təqdimat mərasimində “Qarabağ” futbol klubunun rəhbərliyi – komandanın baş məşqçisi Qurban Qurbanov, klubun direktoru Əmrah Çəlikəl, şəhid Məhəmmədəli İbrahimlinin valideynləri, orta məktəb və universitet müəllimləri, Ağdam ictimaiyyətinin nümayəndələri, tanınmış media və QHT təmsilçiləri, “İmarət” Azad Azarkeş Qrupunun üzvləri iştirak ediblər.

Təqdimat mərasimini açan jurnalist Qabil Abbasoğlu filmin yaradıcı qrupunun görülən işə texniki yox, mənəvi məsuliyyətlə yanaşmasından və 30 illik ağrı-acıdan sonra Zəfərlə başa çatan Vətən müharibəsinin şanlı səhifələrindən birini əks etdirən mükəmməl bir işin ərsəyə gəlməsindən danışıb. O, belə bir filmin ərsəyə gəlməsi üçün dəstək verdiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra filmin nümayişi olub.

Filmin nümayişindən sonra yaradıcı qrupun üzvü, Əməkdar artist İlqar Cahangir görülən işin şəhidlərin xidmətləri qarşısında kiçik bir zərrə olduğunu vurğulayıb.

Şəhid Məhəmmədəli İbrahimlinin valideynləri və müəllimləri görülən işə görə təşəkkür edib, bütün şəhidlərin xatirəsinin əziz tutulmasının gənc nəslin mənəvi aləminin formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Ağdamlı ziyalı, sabiq millət vəkili Çimnaz Əliyeva şəhidlərin hər biri haqqında belə filmlərin hazırlanmasının vacibliyini qeyd edib və azad olunmuş yurd yerlərində qurub-yaratmaq arzusunu ifadə edib.

Daha sonra söz “Qarabağ” klubunun direktoru Əmrah Çəlikələ verilib. O, qazanılmış zəfərdən sonra “Qarabağ”ın qalib xalqın komandası olmasını vurğulayıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov isə Qarabağda böyük Zəfərdən sonra komandanın daha inamlı olduğunu və son qələbələrin də kökündə bu amilin dayandığını bildirib.

“İmarət” Azad Azarkeş Qrupunun qurucularından biri Rövşən Abbas Məhəmmədəli İbrahimlinin unudulmaz bir dost və məsləkdaş olduğunu deyərək, belə bir filmin ərsəyə gəlməsinə görə yaradıcı qrupa minnətdarlığını ifadə edib.

Sonda filmin müəllifi Asəf Quliyev tədbir iştirakçılarına təşəkkür edib, yaradıcı qrupun hər bir üzvünün bu işə can yanğısı ilə yanaşdığını xüsusi vurğulayıb.

Xatırladaq ki, sənədli filmi respublikanın Əməkdar artisti İlqar Cahangir səsləndirib. Filmin operatorları Azər Nağıyev və Fəxri Məmmədov, montajçısı Azad Nurulu, redaktoru Kəmalə Quliyevadır. Film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınıb və yayım hüququ alıb.







AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu