Avropadan ABŞ-a gələn təyyarənin eniş hissəsində meyit tapıldı
Avropadan ABŞ-a gələn American Airlines aviaşirkətinə məxsus təyyarənin eniş qismində bir nəfərin meyiti tapılıb.
Şimali Karolina ştatının Charlotte-Mecklenburg polis idarəsinin məlumatına görə, Charlotte Douglas Beynəlxalq Hava Limanı əməkdaşları təyyarə eniş etdikdən sonra texniki baxış zamanı meyiti görüblər.
Mərhumun kimliyi, ölüm səbəbi və təyyarənin Avropanın hansı şəhərindən uçduğu barədə hələlik açıqlama verilməyib. Rəsmilər ilkin ehtimallara əsasən şəxsin gizli sərnişin ola biləcəyini bildiriblər.
Hadisə ilə bağlı istintaq başladılıb. Hava limanı rəhbərliyi baş verənləri dərin üzüntü ilə qarşıladıqlarını bəyan edərək araşdırmaya dəstək verəcəklərini açıqlayıb. American Airlines isə polis orqanları ilə əməkdaşlıq etdiyini bildirib.


