"Amal Qrup"la "Upsilon" MMC arasında borc qalmaqalı


"Amal Qrup" və "Upsilon" MMC arasında borc qalmaqalı davam edir

AFN.az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Upsilon" MMC "Amal Qrup" şirkətinin podratçısı olduğu layihədə subpodratçıdır. İddialara görə, "Upsilon" MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməsinə baxmayaraq, pulunu ala bilmir.

Məlumatda bildirilir ki, "Amal Qrup" MMC-nin direktoru Orxan İbrahimli borcu ödəməmək üçün müxtəlif üsullara əl atır. Qalmaqal bir ildən artıqdır davam edir. "Upsilon" MMC pulunu almaq üçün müxtəlif qurumlara şikayət edib, lakin hələ ki, nəticə yoxdur.

İddia olunur ki, borcun ödənilməməsi bir yana, "Upsilon" MMC-yə məxsus invertarlar da girovda saxlanılıb. Məqsəd şirkəti borcdan imtinaya məcbur etmək olub. Şikayətlər nəticəsində cari ilin mart ayında invertarlar geri qaytarılıb, borcun 10 faizi ödənilib və yaxın vaxtlarda tam ödəniş ediləcəyi barədə vəd verilib.

Məlumatda qeyd edilir ki, məsələ ilə bağlı hətta Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə görüş keçirilib. Həmin görüşdə borcla bağlı bütün sənədlər təqdim edilib, lakin problem hələ də həllini tapmayıb. "Amal Qrup" MMC Qubadlı rayonun Zilanlı kəndinin yenidənqurulmasını həyata keçirir.

İddia olunur ki, bu layihədə subpodratçı şirkətlərin bir çoxu "Amal Qrup"dan narazıdır və yaxın günlərdə şirkətin ofisinin qarşısında aksiya keçirəcəkləri bildirilir.

Qaynarinfo məlumatla əlaqədar həm "Amal Qrup" MMC, həm də "Upsilon" MMC ilə əlaqə saxlamağa çalışıb, lakin cəhdlər uğursuz olub. "Amal Qrup" MMC-yə məxsus nömrəyə zəng çatmayıb, "Upsilon" MMC-yə məxsus nömrənin isə təyin olunmadığı məlum olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu