Norveç varlıq fondu İsrailin beş bankı və Caterpillar şirkətindəki investisiyalarını dayandırdı


Dəyəri 2 trilyon dollara çatan Norveçin dövlət varlıq fondu Norges Bank Investment Management (NBIM) insan haqlarının pozulmasına töhfə verdikləri səbəbilə Caterpillar şirkəti və İsrailin beş bankındakı investisiyalarını dayandırıb.

NBIM-in yazılı açıqlamasında fondun bəzi investisiyalardan çıxmaq qərarının detalları paylaşılıb.

Məlumatda bildirilir ki, fond Caterpillar-dakı və həmçinin İsrail mərkəzli Hapoalim, Bank Leumi, Mizrahi Tefahot Bank, First International Bank of Israel və FIBI Holdings-dəki investisiyalarını da dayandırıb.

Qərarın səbəbi olaraq qeyd olunub ki, sözügedən şirkətlər müharibə və münaqişə şəraitində insan haqlarının ciddi şəkildə pozulmasına töhfə veriblər.

Fondun Etik Şurasının açıqlamasında ABŞ mərkəzli Caterpillar şirkətinə aid buldozerlərin İsrail tərəfindən fələstinlilərə məxsus evlərin dağıdılmasında qanunsuz şəkildə istifadə edildiyi vurğulanıb.

Şura İsrail bankları ilə bağlı qərara dair açıqlamasında isə bildirib ki, onlar İordan çayının Qərb sahilində İsrail yaşayış məntəqələrində tikinti fəaliyyətləri üçün zəruri şərt olan maliyyə xidmətlərini təmin edərək, bu yaşayış məntəqələrinə töhfə veriblər.

Xatırladaq ki, NBIM avqustun 12-də də 11 İsrail şirkətindəki investisiyalarından çıxmaq qərarı verdiyini açıqlamışdı.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu