Araşdırma: Süni intellekt duyğusal zəka testlərində insanlardan daha dəqiq nəticə göstərdi

İsveçrədə aparılan yeni bir araşdırmaya görə, süni intellekt modelləri duyğusal zəka testlərində insanlardan daha doğru və uyğun cavablar verir.
Cenevrə Universiteti və Bern Universiteti tədqiqatçıları tərəfindən aparılan bu araşdırmada 6 fərqli süni intellekt sistemi insanlar üçün hazırlanmış duyğusal zəka testləri ilə fərqləndirilib.
Testlərdə empati qurmaq, duyğuları tanımaq, duyğusal reaksiyaları idarə etmək və tənzimləmək kimi bacarıqları ölçən 5 ssenari əsaslı test istifadə olunub. Məsələn, iş yerində bir əməkdaşın fikrinin oğurlanması kimi çətin vəziyyətlərdə ən uyğun davranışın nə olacağı soruşulub.
Nəticələrə görə, süni intellekt sistemləri test suallarına orta hesabla 81% düzgün cavab verib, insan iştirakçılar isə 56% düzgünlük göstərib.
Araşdırmanın ikinci mərhələsində isə "ChatGPT"dən yeni duyğusal zəka testləri hazırlaması istənilib. Bu testlər 400-dən çox insan tərəfindən qiymətləndirilib və orijinal, insan tərəfindən hazırlanmış testlər qədər real hesab olunub.
Tədqiqatın müəlliflərindən Marcello Mortillaro nəticələri belə şərh edib: “Bu, süni intellektin təkcə duyğuları anlamaqla kifayətlənmədiyini, eyni zamanda duyğusal zəka ilə hərəkət etməyin nə demək olduğunu da qavradığını göstərir.”
Mütəxəssislər bildirirlər ki, bu nəticələr süni intellektin təhsil, psixoloji dəstək, münaqişə idarəetməsi kimi sahələrdə mütəxəssis nəzarətində istifadə oluna biləcəyini göstərir.
Araşdırma "Communications Psychology" jurnalında dərc olunub.