Veysəloğlu Şirkətlər Qrupu Asiya İnkişaf Bankının 58-ci illik toplantısında iştirak etdi - FOTO

Veysəloğlu Şirkətlər Qrupu İtaliyanın Milan şəhərində keçirilmiş Asiya İnkişaf Bankının (ADB) İdarəçilər Şurasının 58-ci İllik Toplantısında iştirak edib.
Tədbirdə Qrupu aşağıdakı nümayəndələr təmsil ediblər:
- Şirkətlər Qrupunun Maliyyə Direktoru və İcra Komitəsinin üzvü Könül Kərimova;
- Şirkətlər Qrupunun Maliyyə Nəzarəti və Xəzinədarlıq Direktoru Fərahim Hacıyev;
- "OBA" Marketlər Şəbəkəsinin Maliyyə Direktoru Nurlan İsmayılov;
- "Veysəloğlu" Distribusiyanın Maliyyə Direktoru Orxan Babayev.
Tədbir çərçivəsində nümayəndələr ADB-nin Azərbaycandakı ölkə direktoru Sunniya Durrani-Jamal və Ərzaq və Aqrobiznes İnvestisiya Komandasının rəhbəri Martin Lemoine ilə görüşlər keçiriblər.
Görüşlərdə ərzaq təhlükəsizliyi, yaşıl iqtisadiyyat, dayanıqlı maliyyə modelləri, özəl sektor–dövlət tərəfdaşlığı və yeni əməkdaşlıq imkanları müzakirə olunub.
Bu ilki toplantı “Təcrübə paylaşımı, sabahın qurulması” mövzusuna həsr olunub və ADB-yə üzv ölkələrin maliyyə nazirləri, mərkəzi bank rəhbərləri, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələrinin iştirakı ilə baş tutub.
Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz Supermarket MMC ilə ADB arasında 2024-cü ilin noyabr ayında 17 milyon AZN məbləğində kredit və 850 min AZN texniki yardım qrantı üzrə maliyyə paketi imzalanıb.
Bu əməkdaşlıq çərçivəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsi, təchizat zəncirinin inkişafı və 750-dən çox kiçik fermerin iqlimə davamlı kənd təsərrüfatı təcrübələri ilə dəstəklənməsi hədəflənir.
Veysəloğlu Şirkətlər Qrupu ərzaq təhlükəsizliyi, təchizat zənciri və logistika sahəsində dayanıqlı inkişafı dəstəkləyən layihələrin təşəbbüskarı və icraçısı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlığa xüsusi önəm verir.