"Traktor" azarkeşləri dünya rekordu qırdılar


İran Körfəz Pro Liqasında ilk dəfə çempion olan Təbrizin “Traktor” klubunun azarkeşləri 15 dəqiqə dayanmadan alqışlar edərək dünya rekordu qırıblar.

"Traktor"un çempionluq şənliyi Təbrizdəki Yadigar-ı İmam Stadionunda keçirilib.

On minlərlə təbrizlinin iştirakı ilə çempionluğunu böyük coşqu ilə qeyd edən traktorsevərlər 15 dəqiqə dayanmadan alqışlarla adlarını Ginnesin Rekordlar Kitabına yazdırıblar.

On minlərlə "Traktor" azarkeşi tribunaları dolduraraq Azərbaycan dilində aşağıdakı himni oxuyub:

"Yel yatar, tufan yatar, yatmaz "Traktor" bayrağı
Gül solar, sümbül solar, solmaz bizim çalışqan komanda
Biz "Traktor" aşiqi, türkler kimi çalışqan kim"

Bayram mərasimlərində Ginnesin Rekordlar Kitabının İran nümayəndəsi də iştirak edib.

Nümayəndə İranın rəsmi xəbər agentliyi İRNA-ya "Azarkeşlər üçün dünya rekordu 12 dəqiqə ilə məhdudlaşırdı, lakin "Traktor" azarkeşləri 15 dəqiqəlik mahnı oxumaqla bu rekordu qırdılar. Bu tarixi nailiyyət rəsmi olaraq Ginnesin Rekordlar Kitabına düşəcək" deyib.

Təbrizdə gecə yarısına qədər davam edən bayram şənlikləri azarkeşlər tərəfindən bayraqlarla bəzədilmiş küçələrdə rəngarəng səhnələr yaradıb.

Qeyd edək ki, təbrizlilər iki həftə əvvəl liqanın 28-ci həftəsində səfərdə “Şəms Azər”i 4:0 hesabı ilə məğlub edərək, liqanın başa çatmasına iki həftə qalmış tarixlərində ilk dəfə İran çempionu olublar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu