Pərakəndə ticarətdə şəbəkələşmə: təcrübə, reallıq, təkliflər...


İqtisadiyyatın ən perspektivli və dinamik inkişaf edən mühüm sahələrindən biri xidmət sferasıdır. İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın 60 faizindən çoxunu təşkil edən bu sfera ölkəmizdə də inkişaf tempinə görə istehsal sahəsini xeyli üstələyir. Təqdirəlayiq haldır ki, dünyada xidmət sektorundakı qabaqcıl texnologiyalar sürətlə Azərbaycanda da tətbiq olunur. Bu, istehlakçıların rahatlığı baxımından xüsusi əhəmiyyətə malikdir. Çünki bir xidmətin populyarlaşması, onu təqdim edənlərə gəlir gətirməsi üçün başlıca şərt istehlakçı məmnuniyyətidir.


Azərbaycanda şəbəkə market təcrübəsi

Ölkəmizdə 2000-ci illərin əvvəllərindən təşəkkül tapmağa başlayan şəbəkə marketləri bu baxımdan qısa müddətdə böyük yol keçiblər. Hazırda Azərbaycanda onlarla adda marketlər şəbəkəsi fəaliyyət göstərir ki, onlardan da ən böyüyü “Bravo” və “Araz” supermarketlərdir. Yeri gəlmişkən, 2024-cü ildə ən çox vergi ödəyən ticarət şəbəkələrinə Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz Supermarket” MMC liderlik edir. MMC ötən il dövlət büdcəsinə 36,7 milyon manat köçürüb. Məhz bu, şəbəkə marketlərinin ölkə iqtisadiyyatı üçün nə qədər əhəmiyyətli olduğunu bir daha sübut edir.



Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2024-cü ildə ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsinin ÜDM-də payı 10,7 faizə çatıb. Bu sahədə 13 milyard 512,6 milyon manatlıq ÜDM əldə edilib, yəni göstərici illik müqayisədə 3,8 faiz artıb. Ötən il ərzində istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 77,5 milyard manat təşkil etməklə 2023-cü ilə nisbətən müqayisəli qiymətlərlə 4,9 faiz artım göstərib. Bunun 62 milyard 232,5 milyon manatı pərakəndə ticarətin payına düşüb. Bu, əvvəlki illə müqayisədə real ifadədə 3,9 faiz artım deməkdir. İl ərzində ticarət şəbəkələrindən bir ölkə sakini orta hesabla ayda 278,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 229,2 manatlıq qeyri-ərzaq malları alıb.
Göstəricilərdəki artımın səbəbləri arasında, əlbəttə, pərakəndə ticarət sahəsində xidmət keyfiyyətinin yüksəlməsində həlledici rol oynayan şəbəkə marketləri də var. Cəmi 7-8 il əvvəl şəbəkə marketlərinin regionlara nüfuzunun aşağılığını çatışmazlıq kimi görürdüksə, bu gün artıq hər rayonda, hətta iri kəndlərdə, qəsəbələrdə bir neçə market şəbəkəsinin təmsilçiliyinə şahid oluruq. Üstəlik, son illərdə böyük market şəbəkələrinin məhəllələrə qədər irəliləməsi diqqəti cəlb edir.

Minimarket şəbəkələri “kiçik qardaş” rolundan çıxmalıdırlar...

Market şəbəkəkələri və məhəllələr demişkən, son bir neçə ildə ölkəmizdə vacib təcrübə tətbiq edilir: kiçik şəbəkə marketləri (başqa adla, minimarket şəbəkələri-H.A) sürətlə artır. Bu obyektlər bir qayda olaraq məhəllələrdə, qəsəbə və kəndlərdə fəaliyyət göstərirlər. Dünya təcrübəsində də minimarket şəbəkələri pərakəndə ticarət şirkətlərinin böyük marketlər açmağa yer olmayan ərazilərə nüfuzu məqsədi daşıyır. Aydın məsələdir ki, hər yerdə super və ya hipermarket açmaq üçün yer olmur. Digər tərəfdən, əhali və alıcı sayının az olduğu, gediş-gəliş məhdudiyyəti olan yerlərdə super və hipermarketləri açmaq iqtisadi baxımdan sərfəli də deyil: əldə olunan gəlir əmək haqqı, yer icarəsi, kommunal xidmət haqqı və sair xərcləri qarşılaya bilmir. Bundan əlavə, son illərdə inkişaf etmiş ölkələrdə onlayn ticarət – evə sifariş geniş inkişaf edib. Ticarət nəhəngləri onlayn ticarətlə rəqabətə davam gətirmək üçün evlərə, ofislərə yaxın yerlərdə mobil ticarət nöqtələri açırlar.
Azərbaycanda da onlayn ticarət –evə sifariş sistemi təşəkkül tapmaqdadır. İlkin mərhələdə qeyri-ərzaq mallarından başlayan bu ticarət artıq ərzaq məhsullarını da əhatə edir. Lakin Azərbaycanda minimarketlər şəbəkəsinin yaradılması onlayn ticarətdən daha əvvəl başlayıb və əsas məqsəd alıcı dairəsini genişləndirmək, daha çox mal satmaq, daha çox yerdə təmsil olunmaq olub.
Dünya təcrübəsinə nəzər salsaq, minimarketlər daha çox ərzaq, bir çox hallarda isə spesifik ərzaq məhsulları təklif edirlər. Məsələn, uşaq qidaları, yarımfabrikatlar, meyvə-tərəvəz, veqanlar üçün qidalar və sair. Azərbaycanda bundan fərqli olaraq minimarketlər “kiçik qardaş” rolunda çıxış edirlər: onların mal çeşidləri eyni şirkətə məxsus super və hipermarketlərinkindən az fərqlənir.
Digər tərəfdən, yenə də dünya təcrübəsinə nəzər salsaq, kiçik market şəbəkələri kiçik və orta bizneslə işləyir, onların məhsullarının satışına üstünlük verirlər. Məsələn, bir kiçik market yaxınlıqda olan şirniyyatçının, yarımfabrikatçının, yaxud fermerin məhsullarını rahatlıqla satır. Bu, mikro və kiçik sahibkarlığın inkişafına ciddi töhfə verir.
Azərbaycanda bu təcrübə hələ ki, məhdud tətbiq olunur: kiçik market şəbəkələrinə mallar əsasən mərkəzləşmiş qaydada ana şirkətdən paylanır. Buna görə də dünyada uğurla tətbiq olunan təcrübələrdən bəhrələnməkdə fayda ola bilər. Bunun üçün kiçik marketlərə müəyyən muxtariyyətin verilməsi, onların yaxın ərazidəki istehsalçılarla müqavilələr bağlamasına şərait yaradılması mümkündür. Kiçik marketlər yerli əhalinin tələbatının istiqamətini tutaraq, satış çeşidlərini ona uyğunlaşdırmaq səlahiyyətində olmalıdılar. Bu, onların gəlirliliyini təmin etmək üçün vacib şərtdir. Eyni zamanda bu, yerli sahibkarlığın inkişafına təkan verməklə yeni iş yerlərinin yaranması, son nəticədə istehlakçı gəlirlərinin artması ilə kiçik marketdən alış-veriş edənlərin sayını çoxaltmış olacaq. Yəni faktiki olaraq, bununla kiçik marketlər özlərinə əlavə alıcı qazanmış olurlar. Ümumi ölkə baxımından qiymətləndirdikdə, bununla da mini market şəbəkələrinin inkişafı kiçik və orta sahibkarlığın inkişafına, məşğulluğun təminatına töhfə verən bir prosesə çevrilir.

Şəbəkə marketlərinin pərakəndə ticarətdəki 40 faizlik payı azlıq edir

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin təxminən 40 faizə yaxını şəbəkə marketlərinin payına düşür. Milli Məclisin deputatı Vüqar Bayramov AFN.az-a açıqlamasında bildirib ki, şəbəkə marketlərinin dövriyyəsinin genişlənməsi müşahidə olunsa da, hələlik qeyri-şəbəkə marketlərin payı pərakəndə ticarət dövriyyəsində daha çox paya malikdir: “Şəbəkə marketlərin fəaliyyəti bir tərəfdən kiçik və orta sahibkarlığın inkişafına, digər tərəfdən rəqabətin gücləndirilməsinə xidmət edir. Çünki şəbəkə marketlər sifarişləri əsasən kiçik və orta sahibkarlara verirlər. Bu isə həmin sahənin şəbəkə marektlər vasitəsilə dəstəklənməsi deməkdir. Digər tərəfdən isə şəbəkə marektlərin fəaliyyətinin genişlənməsi həm də ərzaq təhlükəsizliyi baxımından vacibdir. Burada zəruri məsələlərdən biri şəbəkə marketlərinin stoklarının olması və ərzaq təhlükəsizliyini təmin etməsidir. Çünki şəbəkə marketləri məhz birbaşa idxal imkanına malikdirlər, stokları var, standartlara uyğun ərzağın saxlanmasını və təklif edilməsini həyata keçirirlər”.



Deputatın sözlərinə görə, bəzi ölkələrdə şəbəkə marketləri strateji ehtiyatların yığılmasında da iştirak edirlər: “Məsələn, İsraildə və bir sıra Avropa ölkələrində şəbəkə marketləri üçün strateji ethiyatların müddətli saxlanması məcburi xarakter daşımasa da belə, onlar strateji ərzaq ehtiyatlarına malik olurlarsa, dövlət tərəfindən dəstək alırlar. Xüsusilə digər mexanizmlərdən, o cümlədən vergi güzəştlərindən istifadə etmək imkanı qazanırlar. Düşünürəm ki, Azərbaycanda ərzaq təhlükəsizliyində məhz bu kontekstdən şəbəkə marketlərinin rolunun artırılması vacibdir. Çünki ərzaq ehtiyatlarının formalaşdırılması yalnız dövlətin funksiyası deyil, həm də şəbəkə marketlərinin dəstəyi hesabına daha səmərəli həyata keçirilə bilər”.
V.Bayramov qeyd edib ki, şəbəkə marketlərin fəaliyyəti zamanı müştəri məmnunluğu da vacib məsələdir: “Burada çox vacib məqamlardan biri şəbəkə marketlərinin Azərbaycanda nağdsız ödənişlərin inkişafına dəstək verməsidir. Çünki bu obyektlərdə müştərilər praktiki olaraq plastik kartlardan istifadə edə bilirlər, müştəri xidmətləri var ki, bu da müştəri məmnunluğunun gücləndirilməsinə xidmət edir”.

İnkişaf təhsilə bağlıdır: yeni ixtisaslara ehtiyac var

Artıq məhəllələrdə belə rahatlıqla alış-veriş etdiyimiz şəbəkə marketlərinin sayının artması keyfiyyət amilini ortaya çıxarır: təklif etdikləri mal çeşidi və əksər hallarda qiyməti ciddi fərqlənməyən bir neçə şəbəkənin marketinin yanaşı fəaliyyəti şəraitində xidmət keyfiyyəti rəqabətdə qalib gəlmək üçün əsas faktora çevrilir. Xidmətin keyfiyyətinin qaldırılması üçünsə ilk növbədə iş şərtləri işə qəbul olunan şəxslər üçün əlverişli olmalıdır: bir nəfərin peşə bacarıqlarının artırılması, təcrübə əldə etməsi müəssisə üçün kifayət qədər yüklü məbləğə başa gəlir. Vəsaitini, vaxtını sərf edən müəssisənin marağındadır ki, işçi uzun müddət ondan ayrılmasın. Bu isə əlbəttə, işçiyə daha yaxşı şərtlərin təklif olunması ilə mümkündür ki, onu da hər şirkət özünə rəva görə bilmir. Beləliklə, şəbəkə marketinqi sahəsində ixtisaslı kadrların hazırlanması məsələsi gündəmə gəlir və getdikcə aktuallaşır.
KOBİA yanında İctimai Şuranın sədri Samir Abdullayev bu günlərdə paytaxtda keçirilən “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirələr zamanı maraqlı təkliflə çıxış edib. Şəbəkə marketlərin yeni münasibətlərin qurulmasına kömək etdiyini deyən mütəxəssis ali və orta təhsil müəssisələrində bu sahədə kadr hazırlığının zəif olduğunu vurğulayıb. Qeyd edib ki, bu sahədə yüksəkixtisaslı kadrların yetişməsinə ehtiyac var.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov AFN.az-a açıqlamasında bildirib ki, şəbəkə biznesi və ticarət şəbəkə marketinqi mövcud dövrdə iqtisadiyyatın ən dinamik və bəzən də ən mübahisəli sahələrindən birinə çevrilir. Onun sözlərinə görə, əslində, bu modelin mahiyyəti satışın və məhsul dövriyyəsinin ənənəvi ticarət vasitəçiləri olmadan, birbaşa insan resursları vasitəsilə təşkili və genişləndirilməsidir: “Hazırda ölkənin ali və orta ixtisas məktəblərində şəbəkə marketinqi və ya ticarət şəbəkəsi adı ilə ayrıca ixtisas mövcud deyil. Lakin “marketinq”, “menecment”, “biznesin təşkili və idarə olunması”, “ticarət işi”, “elektron kommersiya” kimi ixtisasların proqramlarında bu sahənin əsaslarına toxunulur. Qanunvericiliyə nəzər salsaq, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 9.2-ci maddəsinə əsasən, təhsil proqramlarının əmək bazarının tələblərinə uyğun olaraq yenilənməsi və inkişaf etdirilməsi vacib hesab olunur. Eyni zamanda “Reklam haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunlar da bu sahədə fəaliyyət göstərən subyektlər üçün mühüm hüquqi baza rolunu oynayır, çünki şəbəkə marketinqində bəzən istehlakçıların aldadılması və şəffaflıqdan uzaq mexanizmlər tətbiq edilir. Təəssüf ki, ölkədə bu istiqamətdə xüsusi normativ akt və ya ixtisas standartı mövcud deyil.



Əmək bazarında müşahidə olunan dəyişikliklər və rəqəmsal texnologiyaların inkişafı şəbəkə marketinqi üzrə bilik və bacarıqların, xüsusən rəqəmsal satış və distant marketinq texnologiyalarının öyrədilməsini aktual edir. Lakin bunun üçün hazırkı “marketinq”, “menecment”, “biznesin təşkili”, “elektron kommersiya” ixtisaslarının tədris proqramına “şəbəkə marketinqi və satış zənciri” adlı ayrıca fənnin əlavə olunması daha məqsədəuyğun sayılır. Çünki bu sahədə təkcə satış bacarığı deyil, həm də insan resurslarının idarə olunması, motivasiya psixologiyası, etik və hüquqi məsuliyyətlər barədə də biliklər ön plana çıxır”.
Şəbəkə biznesinin üstün cəhətləri sırasında minimal başlanğıc sərmayəsi, çevik iş qrafiki və geniş insan şəbəkəsi yaratmaq imkanı qeyd oluna bilər. Bu model bir çox gənclər və əlavə gəlirə ehtiyacı olanlar üçün cazibədar görünür. Digər tərəfdən ciddi hüquqi tənzimləmə olmadan şəbəkə marketinqi istismar və aldadılma risklərini artırır, iqtisadi və sosial fəsadlara yol aça bilər. Eləcə də, psixoloji təzyiq və sosial təcrid riski, maliyyə itkiləri bu sahədə geniş yayılmış mənfi hallardandır. Ekspertin sözlərinə görə, tədris prosesində bu risklərin açıqlanması və etik davranış standartlarının formalaşdırılması vacibdir: “Gələcəkdə Azərbaycanda şəbəkə marketinqi və ticarət şəbəkəsi üzrə ixtisasların formal olaraq yaradılması üçün ilkin olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi, risklərin və etik normaların tədris proqramına daxil edilməsi, həmçinin bu sahənin iqtisadi və sosial təsirlərinin dərin elmi-praktik araşdırılması zəruridir. Nəzərə almaq lazımdır ki, əmək bazarında yeni çağırışlar və rəqəmsal texnologiyaların tətbiqi ilə əlaqədar olaraq marketinq və menecment üzrə mütəxəssislərin “şəbəkə marketinqi və satış zənciri” fənni üzrə biliklərə yiyələnməsi onların rəqabət qabiliyyətini artırar və yeni iqtisadi imkanlar yaradılar. Mövcud şəraitdə bu sahənin təhsil sisteminə sistemli və elmi əsaslarla inteqrasiyası, şəbəkə biznesinin iqtisadi, sosial və hüquqi tərəflərinin dərindən öyrədilməsi, eyni zamanda risklərin və potensial fəsadların açıqlanması mütləqdir. Yalnız bu halda şəbəkə marketinqinin cəmiyyət üçün faydalı tərəflərini inkişaf etdirmək və mənfi təsirlərinin qarşısını almaq mümkün olacaq”.

Həbibə ABDULLA

Yazı “Veysəloğlu” Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirdiyi birgə müsabiqəyə təqdim olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu