Fransada devirilən hökumət büdcə ilə bağlı xüsusi qanun layihəsi təqdim edəcək


Fransada 2025-ci il büdcəsi ilə bağlı razılığa gələ bilmədikdən sonra müxalifətin etimadsızlıq təklifi ilə devirilən hökumət mümkün bağlanmanın qarşısını almaq üçün xüsusi büdcə layihəsi təqdim edəcək.



Milli mətbuatda yer alan xəbərə görə, solçuların və ifrat sağçıların dəstəklədiyi etimadsızlıq təklifi ilə dekabrın 4-də süqut edən hökumət 2025-ci il büdcəsinin hələ təsdiqlənməmiş və dövlət borcları səbəbiylə çətin vəziyyətdə olan ölkədə bağlanma riskinə qarşı tədbir görməyə çalışır.

Devirilən hökumətin büdcəsinə cavabdeh olan nazir Laurent Saint-Martin TF1 kanalına verdiyi açıqlamada xüsusi qanun layihəsinin hazır olduğunu və bunun bağlanmanın qarşısını alacağını deyib.

Büdcə çatışmazlığı səbəbindən fəaliyyəti dayandırma təhlükəsinə qarşı hökumət hazırladığı xüsusi qanun layihəsi ilə dövlət xidmətlərində gəlir və xərc axınının davam etməsinə imkan verəcək.

Nazirlər Kabinetinin sabahkı iclasında təqdim olunması gözlənilən xüsusi qanun layihəsi hökumətin yeni kollegiyasına qədər gündəlik işlərin aparılmasına cavabdeh olan hazırkı hökumətə 2024-cü il büdcəsinə uyğun fəaliyyət göstərmək səlahiyyəti verəcək.

Qeyd edək ki, Fransada baş nazir Mişel Barnierin sağ mərkəzçi hökuməti büdcə ilə bağlı konsensus əldə oluna bilmədikdən sonra, təxminən 3 aylıq vəzifə müddətinin ardından 331 deputatın dəstəyi ilə dekabrın 4-də süqut edib.

Son 2 ildə 1 illik, 8 aylıq və 3 aylıq 3 qısamüddətli hökumətin qurulduğu ölkədəki siyasi böhrana görə məsul olaraq görülən Fransa prezidenti Emmanuel Makron qısa müddətdə yeni baş nazir təyin edəcəyinə işarə edib.

Yeni hökumətin qurulması prosesində Makronun siyasi partiya liderləri ilə görüşləri davam edir.

Fransada normal şəraitdə hökumət büdcəsi dekabrın 31-dək Parlament tərəfindən qəbul edilməlidir.

Ancaq xüsusi qanun layihəsinin Parlamentdə qəbul edilmədiyi bir ssenaridə Makron bağlanma riskinə qarşı Konstitusiyanın 16-cı maddəsinə istinad edərək, Parlamentlə məsləhətləşmədən büdcə ilə bağlı addımlar ata bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu