Pişiklər sözləri şəkillərlə əlaqələndirə bilirlər
Pişiklər heç bir mükafat və ya göstəriş olmadan sözləri şəkillərlə əlaqələndirə bilirlər. Araşdırmalar göstərib ki, pişiklər adlarına cavab verir və tanıdıqları insanların fotoşəkillərini adları ilə uyğunlaşdıra bilirlər.
AFN.az xəbər verir ki, Yaponiyanın Azabu Universitetinin tədqiqatçıları 31 yetkin ev pişiyi ilə pişiklərin şəkilləri təsadüfi sözlərlə əlaqələndirə bilib-bilmədiyini öyrənmək üçün araşdırma aparıblar. Tədqiqatın nəticələri "Scientific Reports" jurnalında dərc olunub.
Təcrübədə pişiklərə körpələrin dil inkişafı araşdırmalarında istifadə edilən test tətbiq edilib. Pişiklərə "keraru" və "parumo" kimi iki mənasız sözlə əlaqəli qısa animasiyalar göstərilib. Bu vaxt mexaniki səs sözləri deyərkən ekranda günəşin və ya buludun onlarla əlaqəli təsvirləri peyda olub.
Fasilədən sonra pişiklər yenidən ekran qarşısına gətirilib. Lakin bu dəfə sözlərlə qoşalaşmış şəkillər dəyişdirilib. Alimlər pişiklərin reaksiyalarını diqqətlə araşdırıb və qeyd ediblər ki, pişiklər ilk dəfə olduğundan daha uzun müddət ekrana baxıb və göz bəbəkləri genişlənib.
Tədqiqatçıların fikrincə, pişiklərin bu davranışı onların eşitdikləri sözlərlə təsvirlər arasında mükafat və ya təlim olmadan əlaqə qurduğunu göstərir. Üstəlik, bu əlaqənin körpələrə nisbətən daha tez qurulduğu vurğulanır.
Tədqiqatçılar qeyd edirlər ki, pişiklərin qısa müddət ərzində şəkil-söz uyğunlaşmasına nail ola bilməsi diqqətəlayiqdir. Lakin bu tapıntılar pişiklərin əşyaların adlarını bildiyini ifadə etsə də, bu əlaqələrin uzunmüddətli olub-olmadığını və ya daha çox söz təqdim edildikdə onların necə reaksiya verəcəyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu söyləyirlər.