CENTCOM: Husilərin neft tankerlərinə hücumları dəniz ekosistemini təhlükə altına qoyur
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəstəklədiyi husilərin Yəməndə neft tankerlərinə hücumlarının dəniz ekosistemini təhlükə altına atdığını bildirib.
CENTCOM Yəməndəki husilərin Qırmızı dənizdə Panama bayraqlı “MV Blue Lagoon 1” və Səudiyyə Ərəbistanı bayrağı altında üzən “MV Amjad” adlı neft tankerlərinə hücumu ilə bağlı açıqlama verib.
Bəyanatda husilərin bu hərəkətlərinin regional və qlobal ticarətə zərər verdiyi, dəniz ekosistemini və mülki dənizçilərin həyatını riskə atdığı bildirilib.
“MV Amjad” gəmisinin təxminən 2 milyon barel neft daşıdığı bildirilən açıqlamada, bunun 21 avqustda husilərin hücumuna məruz qalan və hələ də yanan “MV Delta Sounion” gəmisinin daşıdığı miqdardan təxminən iki dəfə çox olduğu vurğulanıb.
CENTCOM qeyd edib ki, Husilərin hərəkətlərinə baxmayaraq ticarəti qorumaq və onların ətraf mühitə təsirini azaltmaq üçün beynəlxalq tərəfdaşlar və müttəfiqlərlə işləməyə davam edir.
Qeyd edək ki, avqustun 21-də Britaniya Gəmiçilik Təşkilatının (UKMTO) X hesabında verilən açıqlamada, içərisində təxminən 15 nəfərin olduğu 2 kiçik qayığın Yəmənin qərbində Hudeyda sahillərində ticarət gəmisinə yaxınlaşdığı, daha sonra isə qısa müddətə kiçik silahlarla atəş açıldığı qeyd edilib. Bir neçə saat sonra verilən digər açıqlamada ticarət gəmisinə ikinci dəfə hücum edildiyi və gəmidə yanğının başladığı bildirilib.
Mənbə: AA