İşğaldan azad edilmiş əraziləri necə qoruyaq? - TƏKLİFLƏR


"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi olaraq "Əcdadlarımızın izi" adı ilə Qarabağın işğaldan azad olunan Ağdam, Xocalı, Əsgaran, Xankəndi, Xocalı, Şuşa, Laçın və Qubadlı şəhərlərinə iki günlük səfərə çıxdıq. Qarabağa ilk ayaq qoyandan görülən müsbət işlər, aparılan tikintilər, turizm üçün yaradılan şərait diqqətimizi cəlb edir.


Şəhidlərimizin qanı ilə azad edilən Qarabağda hazırda alın təri ilə yenidənqurma işləri yaxın gələcəkdə buraları dünyanın ən modern və yeni şəhər modelli bir ərazilər olacağını göstərir. Qədim memarlıq və tarixi görünüş saxlanılmaqla yeni bir şəhər və kənd modelli Qarabağ bütün dünyanın diqqətini cəlb edəcək.

Yolunuz düşsə, rast gələcəyiniz ən neqativ hallardan biri Qarabağa gələn vətəndaşların natəmiz hərəkətləri olacaq. Elə biz də bu hallarla çox rastlaşdıq. Təsəvvür edin ən görməli yerlərdə piknik edən ailələr və şəxslər gözəl yerlərdə zibillərini ataraq mənzərəni və təbiəti məhv edirlər. Şuşa ətrafı, Laçın və digər ərazilərdə meşələrdə, təbiətin qoynunda süfrə salıb ocaq yandırmaqları bir yana, piknikdən sonra ətrafı çirkləndirib gedirlər. Əlbətdə, o yerlərdə hələ zibil qabları və digər tullantılar üçün qablar az olmasına baxmayaraq, insanların adi bir mədəniyyəti yoxdur ki, zibilləri xüsusi paketlərə yığaraq aparıb zibil qablarına atsınlar. İsti su, Turş su və digər daha çox səfər edilən yerlərdə natəmizlik ilk andan hiss edilir. Plastik, şüşə və dəmir içəcək qabları yerə - meşəliyə, yol kənarlarına atılır, meyvə-tərəvəz qabıqları elə ağacların altına, yaxud yol kənarına buraxılıb gedilir. Bu və digər belə halların qarşısını almaq üçün "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi olaraq təkliflərimizi hazırlamağı özümüzə borc bildik:
1) Mütləq şəkildə turistlərin axın etdikləri ərazilərə zibil və tullantı üçün nəzərdə tutulan qabların sayı artırılsın.
2) Kamera ilə çəkilişlər təmin edilsin, ətrafı çirkləndirən turistlərə cərimələr tətbiq edilsin.
3) Turizm üçün nəzərdə tutulan yerlərdə iş quran sahibkarlar buna nəzarət üçün mühafizəçi ayırsınlar və ciddi nəzarət edilsin.
4) Maarifləndirici elan və löhvələrdən əsas yerlərdə istifadə edilsin.
5) Tarixi və mədəni əhəmiyyətə malik yerlərə səfər edənlər üçün limit tətbiq edilsin və çoxsaylı səfərlər maksimum səviyyədə nəzarət altında olsun.
6) İməciliklər həyata keçirilsin, ayda bir dəfə, yerli əhali, orada çalışan işçilər və ekologiya üzrə könüllülər bu aksiyaya qoşulsun.
7) QHT-lər ekoloji təmizlik istiqamətində layihə icra edib, oradan sosial yönümlü çarxlar hazırlasın.
8) Yenidən bərpaya ehtiyac duyulan təbiət yerlərində QHT-lərin iştirakı ilə layihələr icra edilsin.

Hesab edirik ki, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin Tərtər ərazisində yaratdığı "Vətən bağı" modeli bu işlərin həyata keçirilməsində örnəklərdən biri olar.

Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu