"Baykar" Azərbaycan Müdafiə Nazirliyi ilə əməkdaşlıq müqaviləsi imzaladı
"Baykar" Azərbaycan Müdafiə Nazirliyi ilə “Birgə tədqiqat, təkmilləşdirmə və istehsalat üzrə Əməkdaşlıq Sazişi” imzalayıb.
Əməkdaşlıq sazişini “Baykar”ın baş direktoru Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini Aqil Qurbanov imzalayıblar.
İmzalanma mərasimində Azərbaycanın müdafiə naziri general Zakir Həsənov, "Baykar"ın İdarə Heyətinin sədri Səlcuq Bayraktar və müqavilə tərəflərinin nümayəndələri də iştirak ediblər.
Haluk Bayraktar X-də mövzu ilə bağlı paylaşımında Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə gələcəyi formalaşdıracaq əhəmiyyətli bir addım atdıqlarını ifadə edib.
“Birgə Araşdırma, İnkişaf və İstehsal üzrə Əməkdaşlıq Müqaviləsi”ni imzalayaraq iki qardaş ölkənin təhlükəsizliyi və tərəqqisi üçün bir araya gəldiklərini vurğulayan Bayraktar deyib:
"Texnoloji yeniliklərimizdən əlavə, bu müqavilə aramızda olan möhkəm əməkdaşlığın və qarşılıqlı etimadın təzahürüdür. "Bir millət, iki dövlət" prinsipi ilə böyüyən qardaşlığımız bu birlik hissi ilə daha da güclənir. Ümid edirəm ki, saziş ölkələrimiz üçün faydalı və xeyirli olacaq”.
Mənbə: AA