Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib: TƏFƏRRÜAT - YENİLƏNİB
Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib.
AFN.az Report-a istinadən xəbər verir ki, o, əvvəlcə Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
A.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Burada onun sol ayağı amputasiya edilib.
Məlumata görə, A.Məmmədov bir müddətdir fərdi təsərrüfatında xırdabuynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Hadisə də işğaldan azad edilən Göyarx kəndi ərazisində otlaq sahəsində qoyunları otarakən baş verib.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
***
Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır.
Bu barədə AFN.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.
Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Bildirilib ki, fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. 1966-ci il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.